Milli Gimnastika Arenasında məşqçilərin təlim-məşq toplanışı keçirilir - FOTO - VİDEO

Xəbərlər
8 Avqust 2024 15:46
473
Milli Gimnastika Arenasında məşqçilərin təlim-məşq toplanışı keçirilir - FOTO - VİDEO

Azərbaycanın 35 bölgəsindən olan bədii gimnastika üzrə məşqçilər üçün təlim-məşq toplanışı davam edir.

İdman.biz xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan toplanışda 19 çalışdırıcı qatılıb.

Hazırlıq prosesi bölgədə olan məşqçilərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.

Azərbaycan Gimnastika Federasiyasının bölgələr üzrə meneceri Surxay Qarayevin sözlərinə görə, avqustun 4-dən startı verilən məşq prosesində əsas məqsəd bölgələrdə fəaliyyət göstərən məşqçilərin bilik və bacarıqlarının artırılmasıdır: “35 bölgədən iştirak edən məşqçilərin burada öyrəndiklərini fəaliyyət göstərdikləri müəssisələrdə tətbiq etməsi bizim üçün vacibdir. Bununla yanaşı, bir neçə bölgələrdən olan gimnastlar da burada iştirak edirlər. Onlar da beynəlxalq və yerli yarışlarda burada öyrəndiklərini həyata keçirirlər”.

Azərbaycan Gimnastika Federasiyasının bölgələr üzrə baş məşqçisi Elnarə Hüseynova isə bildirib ki, bölgələrdən olan bütün məşqçilər toplanışda yer alıblar: “Məşq prosesində əsasən isinmə hərəkətləri, rəqslər, alətlə texnika və s. ümumi fiziki hazırlıq üzrə çalışırıq. Bu cür təlimlər məşqçilərimiz üçün xüsusi önəm daşıyır. Milli Gimnastika Arenasında bölgələrdən olan bədii gimnastika üzrə məşqçilərimiz üçün lazımi şərait yaradılıb”.

Zaqatala “Ocaq Sport” klubu və Şəki Olimpiya İdman Kompleksinin bədii gimnastika üzrə məşqçisi Safura Qurbanovanın sözlərinə görə, arenada rahat məşq keçmək üçün bütün şərait yaradılıb: “Biz həm özümüz öyrənirik, həm də tələbələrimizə bildiklərimizi tətbiq edirik. Çox maraqlı və dinamik məşqlər keçdik. Gimnastlarımız burada olduqları dönəmdə çox şey öyrəndilər”.

Qeyd edək ki, təlim-məşq toplanışı avqustun 9-dək davam edəcək.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: