Beynəlxalq Gimnastika Federasiyası (FIG) Qadınların Bədii Gimnastikası Texniki Komitəsinin italiyalı prezidenti Donatella Sacchinin İdman.bizə eksklüziv müsahibəsi
- Siz 1976-cı il Yay Olimpiya Oyunlarında iştirak etmisiniz. Monreal olimpiadasını necə xatırlayırsınız?
- Mənim üçün fantastik hadisə idi. Yaxşı yadımdadır, orada ilk dəfə dabanlı ayaqqabı geyinmişdim, yerimək çətin idi. Nadya Komaneçi, Nelli Kim, Lüdmila Turişeva kimi yüksək səviyyəli gimnastlara baxaraq o dövrün ən yaxşı komandaları ilə məşq edirdim. Adi gimnast idim, o səviyyədə deyildim və mənim üçün orada olmaq artıq böyük nailiyyət idi. Onları bu qədər yaxından izləməkdən şərəf duymuş və heyran qalmışdım.
- FIG Texniki Komitəsinin prezidenti kimi işiniz barədə məlumat verərdiniz.
- Bu vəzifəyə 2016-cı ildə Tokiodakı konqresdə seçilmişəm və 2017-ci il yanvarın 1-dən işimin icrasına başlamışam. Qadınların Bədii Gimnastikası Texniki Komitəsi hər olimpiya dövrü üçün ballar məcəlləsini müəyyənləşdirir. Vəzifələrimin bir hissəsi hər olimpiya tsiklində hakimlərin kurslarını hazırlamaq və idarə etmək və Texniki Komitə ilə FIG-in əsas yarışlarına rəhbərlik etməkdir. Ondan başqa, bəzən İtaliya Gimnastika Federasiyası üçün məsləhətçi kimi çalışıram, gimnastlar üçün testlər edirəm, həmçinin hakimlər və məşqçilər üçün mühazirələr oxuyuram. Müraciət edən istənilən federasiya üçün bunları edirəm.
- Ölkəmizdə bir neçə dəfə olmusunuz…
- FIG Texniki Komitəsinin prezidenti kimi Azərbaycanda ilk dəfə 2017-ci ildə olmuşam. 2018-ci ildə də FIG Konqresində iştirak üçün, həmçinin qonaq kimi Avropa çempionatını izləmək məqsədilə ölkənizə səfər etmişəm. Bakıda hər an gözəl və unudulmaz idi. Azərbaycan mənim üçün varlı ölkə, böyük qonaqpərvərlik, təmiz və mehriban insanlar, qədim tarix və çox müasir memarlığın birləşməsi deməkdir. Həmçinin “Formula-1” və Leklerin bu il “Ferrari” ilə orada ikinci olmasından da xəbərim var. Tarixi sevirəm və köhnə qala, onun əfsanəsi ilə maraqlanmışam.
- Azərbaycan gimnastikası haqqında nə deyə bilərsiniz?
- Azərbaycan Gimnastika Federasiyası Avropa və dünya səviyyəsində bir çox yarışlar keçirir. Onlar hər il dünyanın ən yaxşı gimnastlarının iştirakı ilə kişi və qadın idman gimnastikası və bədii gimnastika üzrə AGF Trophy təşkil edirlər. Yarış FIG Dünya kuboku seriyasının bir hissəsidir və olimpiada ilində də Olimpiya oyunlarına təsnifat xarakteri daşıyır. Nikita Simonov son Avropa çempionatında halqalarda gümüş mükafatçı olub. Amma Azərbaycanda bədii gimnastika daha güclüdür, qrup komandasının Paris-2024 Yay Olimpiya Oyunlarında 5-ci yeri tutması əla nəticədir. Bu komanda mötəbər Avropa və dünya yarışlarında da çoxlu medallar qazanıb.
Bədii gimnast Zöhrə Ağamirovanın fərdi olaraq Paris Olimpiadasına vəsiqə qazanması və iştirak etməsi də diqqəti çəkir.
Keçmiş gimnast Kristina Pravdina, onun həmkarı - kişi idman gimnastikasında Rza Əliyev də 2024-cü il Olimpiadasında hakim olublar. Həmçinin Natalya Bulanova FIG-in Bədii Gimnastika Texniki Komitəsinin üzvüdür və qrup komandasının keçmiş gimnastı Siyana Vasileva da komitəyə idmançıların təmsilçisi kimi seçilib.
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov da hazırda Avropa Gimnastikasının strukturunun yenilənməsi üzərində işləyir. O, İcraiyyə Komitəsində konkret məqsədlə işçi qrupu da yaradıb. İnanıram ki, bundan sonrakı fəaliyyətində də böyük uğurlar qazanacaq.
Rasim Mövsümzadə
İdman.biz