Nurlana Məmmədzadə: “Əldə olunan nəticələr və 4 qızıl medal bizi çox sevindirdi”

Xəbərlər
28 Sentyabr 2024 15:38
186
Nurlana Məmmədzadə: “Əldə olunan nəticələr və 4 qızıl medal bizi çox sevindirdi”

“Bu dünya çempionatı bizim üçün tarixi xarakter daşıdı”.

Bunu İdman.bizə Azərbaycan Gimnastika Federasiyasının baş katibi deyib.

O, Portuqaliyanın Qimaraeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında iştirak edən Azərbaycan yığmasının çıxışını dəyərləndirib. Məmmədzadə bildirib ki, ilk dəfə olaraq bizim akrobatika üzrə təmsilçilərimiz dünya çempionatında qızıl medala layiq görülüblər: “Akrobatika gimnastlarımız uğurlu çıxışları ilə beynəlxalq arenalarda bizi sevindirir. Onlar ötən ilin Avropa çempionatında da qızıl medala layiq görülüblər. Daha sonra 2022-ci ildə Bakıda keçirilən dünya çempionatında da bizim idmançılarımız medallara layiq görülmüşdülər. Lakin onlar bu ilə qədər dünya çempionatında qızıl medal qazanmamışdılar. Komandamız bu yarışa yola düşəndə bilirdik ki, qızıl medal uğurunda mübarizə aparmaq üçün gedirlər. Bu, bizə aydın idi. Təbii ki, əldə olunan nəticələr və 4 qızıl medal bizi çox sevindirdi”.

Onun sözlərinə görə, Azərbaycan akrobatika üzrə qarışıq və kişi cütlüyündə uzun illərdir ki, təmsil olunmayıb: “Buna səbəb bu növün son illərdə formalaşmasıdır. Onlar haqqında medalın praqnozunu vermək olmurdu. Mən çox şadam ki, bu qrup üzrədə qızıl qazandıq. Baxmayaraq ki, qısa müddətdə formalaşdılar, lakin belə nəticə əldə edə bildik. Medallardan sonra dünya çempionatında açıqlanan reytinq cədvəlində Azərbaycan komandası 3-cü yerdə qərarlaşıb. Birinci və ikinci yerlərdə isə Belçika ilə Çin yığması yer alır. Bütün bunlar bizi olduqca sevindirir”.

Qeyd edək ki, ölkəmiz çempionatı 8 medalla (4 qızıl, 1 gümüş, 3 bürünc) başa vurub.

Banuçiçək Hüseynli
İdman.biz