Akrobatika üzrə Dünya kuboku Bakıya qayıdır

Xəbərlər
1 Oktyabr 2024 09:48
421
Akrobatika üzrə Dünya kuboku Bakıya qayıdır

Akrobatika üzrə Dünya kuboku Bakıya qayıdır.

İdman.biz xəbər verir ki, gələn il seriyanın mərhələlərindən biri Milli Gimnastika Arenasında keçiriləcək.

Yarış 13-15 iyun tarixlərinə təyin olunub.

Ümumiyyətlə, Dünya kuboku seriyası beş mərhələdən ibarətdir. Mövsüm Purs-Sind-Amansda (Belçika, 6-8 mart) başlayacaq, növbəti turnir Burqasda (30 may - 1 iyun) təşkil olunacaq, bundan sonra növbə Bakıya çatacaq.

Daha sonra Dünya kuboku Aalendə (Almaniya, 19-21 iyun) keçiriləcək, yekun mərhələsinə isə Rjeşof (Polşa, 27-29 iyun) ev sahibliyi edəcək.

Qeyd edək ki, hələ 2018-ci ildə akrobatika üzrə Dünya kuboku Bakıda keçirilib. İki il əvvəl isə paytaxtımızda bu növ üzrə dünya çempionatı, eləcə də yaş qruplarında ümumdünya yarışları təşkil edilib.

Gimaraeşdə (Portuqaliya) keçirilən dünya çempionatındakı nəticəni nəzərə alsaq, Azərbaycan akrobatlarının növbəti mövsümün əsas favoritləri olacaqlarını da deyə bilərik. Dünya kubokunda Raziyə Seyidli - Ağasif Rəhimov qarışıq cütlüyü, həmçinin kişilər arasında Murad Rəfiyev – Daniel Abbasov dueti iki qızıl və bir bürünc medal qazanıb. Seymur Cəfərov, Abdullah Əl-Meşaihi, Rəsul Seyidli və Riad Səfərovdan ibarət kişilərdən ibarət qrup bürünc, komanda birinciliyində isə yığmamız gümüş mükafata sahib çıxıb.

Zəki Feyzullayev
İdman.biz

Məqalədə: