Bakıda “TeamGym” üzrə Avropa çempionatı başlayıb

Xəbərlər
16 Oktyabr 2024 17:42
536
Bakıda “TeamGym” üzrə Avropa  çempionatı başlayıb

Bu gün Bakıda ilk dəfə olaraq “TeamGym” üzrə Avropa çempionatına start verilib.

İdman.biz xəbər verir ki, yarış oktyabrın 19-dək davam edəcək.

Bu, 3 alət üzrə çıxışları əhatə edən komanda mübarizəsidir. İştirakçılar “TeamGym” xalçası, akrobatika cığırı və trampet (mini batut) üzərində bacarıqlarını nümayiş etdirəcəklər. Avropa qitəsinin ən yaxşı komandaları Milli Gimnastika Arenasında çempion titulu uğrunda mübarizə aparacaqlar. Tamaşaçılar bu yeni inkişaf edən növ üzrə çıxışları ilk dəfə izləyəndə izaholunmaz duyğular yaşayacaqlar.

“TeamGym” Azərbaycanda 2018-ci ildən inkişaf etdirilməyə başlanılıb. Bu gün ölkəmizdə gimnastikanın bu növü üzrə həm peşəkar idmançılarımız, məşqçilərimiz, həm də hakimlik korpusunun nümayəndələri var. “TeamGym”də qələbə qazanmaq üçün fərdi bacarıq və səriştələrdən əlavə, uğurlu komanda işi də vacibdir. Burada qalib psixoloji, eyni zamanda fiziki cəhətdən hazır olan şəxslərdir.

Yarışda on dörd ölkənin 46 komandası qüvvəsini sınayacaq. Milli Gimnastika Arenasında Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Norveç, İsveç və təbii ki, yarışın ev sahibinin idmançıları çıxış edəcəklər. 28 hakim öz növünün əsl ustası olanların çıxışlarını qiymətləndirəcək.

İdman.biz

Məqalədə: