Nurlana Məmmədzadə: “Bu, "TeamGym" üzrə ilk Avropa çempionatı təcrübəmizdir”

Xəbərlər
16 Oktyabr 2024 17:29
316
Nurlana Məmmədzadə: “Bu, "TeamGym" üzrə ilk Avropa çempionatı təcrübəmizdir”

“Azərbaycan Gimnastika Federasiyası fəal şəkildə olimpiya və qeyri-olimpiya növləri üzrə beynəlxalq yarışlar keçirir, lakin biz ilk dəfədir "TeamGym" üzrə Avropa çempionatını təşkil edirik”.

İdman.biz xəbər verir ki, bunu milli federasiyanın baş katibi Nurlana Məmmədzadə deyib.

O bildirib ki, "TeamGym" Avropa gimnastikasının bir hissəsi olan gənc idman növüdür: “Xüsusilə Skandinaviyada məşhurdur, lakin Avropanın digər ölkələrində də onun pərəstişkarları var. 2019-cu ildən biz Azərbaycanda bu növü inkişaf etdirməyə başladıq və milli komandamız da çempionatın iştirakçısıdır. Adından da göründüyü kimi, yarış komanda mübarizəsində olur, burada kollektivin nəticəsi önəmlidir”.

Baş katib əlavə edib ki, idmançıların çıxış etdikləri alətlər bəzi digər gimnastika növlərinə bənzəyir, lakin fərqlər var: “Məsələn, trampet adlanan mini-batut var ki, bu da batut gimnastikasındakı analoqundan fərqlidir”.

Məmmədzadə Avropa çempionatına marağın kifayət qədər böyük olduğunu da vurğulayıb: “Çıxış edəcək komandaların azarkeşləri də Bakıya gəlib. İştirakçı komandaların nümayəndə heyətlərinin sayı 800 nəfərdən çoxdur və yarışda 14 ölkədən 500-dən çox gimnast mübarizə aparacaq”.

İdman.biz