Dohada FIG Konqresinə doğru - Fərid Qayıbovun ikinci cəhdi

Xəbərlər
21 Oktyabr 2024 11:11
150
Dohada FIG Konqresinə doğru - Fərid Qayıbovun ikinci cəhdi

Bu həftə Fərid Qayıbovun da prezidentliyə namizədliyini irəli sürdüyü Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Konqresinin keçiriləcəyi ilə əlamətdar olacaq.

İdman.biz xəbər verir ki, Avropa Gimnastikasının (EG) rəhbəri FIG-in hazırkı prezidenti, üçüncü müddətə namizədliyini irəli sürən Morinari Vatanabe ilə mübarizə aparacaq.

Qayıbov oktyabrın 24-26-da Dohada keçiriləcək Konqres ərəfəsində gimnastikanın inkişafı ilə bağlı fikirlərini bölüşüb: “Bildiyiniz kimi, mən də FIG prezidentliyinə namizədliyimi irəli sürmüşəm. Son seçkidən sonra idman növümüzün inkişafı üçün əlimdən gələni etməyi özümə borc bildim. Gimnastikada elə sahələr var ki, əhəmiyyətli diqqət və təkmilləşdirməyə ehtiyacın olduğunu düşünürəm. Bu növün gələcəyini qlobal miqyasda görmək istəyiriksə, həmin sahələrə diqqət etmək çox vacibdir. Biz daha yüksək səviyyədə olmağa layiqik və idmanın kommersiya tərəfini inkişaf etdirməyə və onu təbliğ etməyə davam etməliyik. Həm də gimnastların dünya arenasındakı çıxışlarındakı effekti də nəzərə almalıyıq. Onlar gələcək nəsilləri ruhlandıracaq ulduzlarımızdır, buna görə də onların inkişafına sərmayə qoya biləcəyimiz hər şeyə layiqdirlər”.

Qayıbov üçün bu, beynəlxalq federasiyanın rəhbəri vəzifəsinə ikinci cəhddir. Üç il əvvəl Antalyada keçirilən seçkilərdə o, 47 səs toplayıb ki, bu da ilk dəfə üçün yaxşı nəticə idi.

Maraqlıdır ki, indiki FIG prezidentinin hazırda iki seçki kampaniyası var. Vatanabe Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri vəzifəsinə də namizədliyini irəli sürüb. Hələ Parisdə keçirilən Yay Olimpiya Oyunları zamanı BOK-un rəhbəri Tomas Bax gələn il ikinci müddətinin sonunda vəzifəsindən getmək niyyətində olduğunu açıqlayıb. Hazırda seçki yarışına 7 namizəd, o cümlədən yapon funksioner də daxildir. BOK-un yeni prezidenti martın 18-21-də Qədim Olimpiyada keçiriləcək sessiyada seçiləcək və həmin ilin iyununda vəzifəsinin icrasına başlayacaq. Namizədlər yanvarda Lozannada keçiriləcək qapalı iclasda BOK-un bütün üzvlərinə təqdimatlarla çıxış edəcəklər.

FIG Konqresinə qayıdaraq qeyd etmək lazımdır ki, orada, həmçinin bütün növlər üzrə texniki komitələr üçün də seçkilər olacaq. Xüsusilə Noha Abu Şabananın (Misir) rəhbərlik etdiyi Bədii Gimnastika üzrə Texniki Komitədə milli federasiyanın idman direktoru olan Natalya Bulanova ikinci müddətə namizədliyini irəli sürüb. Altı yer uğrunda 11 namizəd mübarizə aparacaq.

“Dünyanın müxtəlif yerlərindən olan bütün namizədlərə uğurlar arzulayıram. Əminəm ki, həmkarlarımız tutacaqları vəzifələrə uyğun bacarıq və təcrübə ilə bu işə ən uyğun olan namizədləri seçəcəklər. Hamımız gimnastika adamlarıyıq. Harada olmağımızın fərqi yoxdur, məqsədimiz eynidir və verdiyimiz hər bir qərar idman növümüzün parlaq gələcəyinə hesablanıb”, - deyə Qayıbov əlavə edib.

Zəki Feyzullayev
İdman.biz