Marian Kolev: “Bizim üçün əsas yarışlar Dünya Oyunları və Gəncədəki Avropa çempionatı olacaq”

Xəbərlər
29 Oktyabr 2024 16:16
46
Marian Kolev: “Bizim üçün əsas yarışlar Dünya Oyunları və Gəncədəki Avropa çempionatı olacaq”

“Bizim üçün gələn ilin əsas yarışları Dünya Oyunları və buradakı Avropa çempionatı olacaq”.

Bunu İdman.biz saytına açıqlamasında aerobika üzrə Azərbaycan yığmasının baş məşqçisi Marian Kolev deyib.

Hazırda ölkənin yeniyetmələrdən ibarət komandası Manamadakı Gimnaziadadadır və burada bir gümüş və bir bürünc mükafat qazanıb. Lakin milli üçün mövsümün əsas yarışı Vladimir Dolmatov - Mədinə Mustafayeva qarışıq cütlüyünün gümüş medal qazandığı Pesaroda keçirilən dünya çempionatı olub.

Kolev bildirib ki, hər bir idmançıya “yetişmək” üçün vaxt lazımdır: “İdmançılarımız əvvəllər də yaxşı çıxış etsələr də, müxtəlif səbəblərdən dünya və Avropa çempionatlarında medal qazana bilməyiblər. Niyə hər şey Pesaroda uğurla oldu? Bilirsiniz, yarışın başlamasına az qalmış proqramda dəyişiklik etdik. Dünya çempionatından əvvəl onu Bolqarıstandakı turnirdə sınamaq qərarına gəldik və həm tamaşaçılar, həm də hakimlər onu çox bəyəndilər. Bu kompozisiya ilə cütlük dünya çempionatında çıxış etdi və gümüş qazana bildi. Bundan əlavə, təsnifatın nəticələrinə əsasən, Dolmatov və Mustafayeva Çenqduda keçiriləcək Dünya Oyunlarına vəsiqə qazanıblar”.

Baş məşqçi əlavə edib ki, indi komandanın əsas hazırlığı həm Dünya Oyunlarına, həm də gələn ilin noyabrında Gəncədə keçiriləcək Avropa çempionatı və yaş qrupları üzrə Avropa yarışlarına köklənəcək.

Qeyd edək ki, Bəhreyndə keçirilən Gimnaziadada Məryəm Topçubaşova fərdi yarışda bürünc, qrup yarışında isə Məryəm Topçubaşova, Sara Əlixanlı, Fidan İbrahimova, Leyla Əhmədova və Evelina Kozlovskayadan ibarət komanda gümüş medal qazanıb.

Zəki Feyzullayev
İdman.biz

Məqalədə: