“Bakıya olan sevgim həmişə mənimlədir və şəhər üçün çox darıxıram. Burada çoxlu dostlarım, tanışlarım var”.
İdman.biz xəbər verir ki, bunu Cənubi Afrikanın “Klerksdorp Gymnastics School” klubunun baş məşqçisi Tatyana Lavrençuk-Vizer deyib.
Cənubi Afrikadan olan bədii gimnastlar bu yaxınlarda Milli Gimnastika Arenasında təlim-məşq toplanışı keçiriblər. Komandaya rəhbərlik edən bakılı Lavrençuk-Vizer təəssüratlarını bölüşüb: “Təlim-məşq toplanışı yaxşı keçdi, çox razıyıq. Arenadakı bütün məşqçilər məmnuniyyətlə bizimlə çalışır və köməklərini əsirgəmirdilər. Biz tənqidlərə açığıq və daha yaxşı olmaq istəyirik”.
O, yetirmələri haqqında da danışıb: “Mənimlə iki gimnast var idi. Onların hər ikisi yeniyetmədir - 15 yaşları var. Onlardan biri Şedi Konsondur. Bu il o, yeniyetmələrin Afrika çempionatında üçüncü yeri tutub. Ümumiyyətlə, o, Cənubi Afrikada bir nömrədir. Digər idmançı Oratil Volantodur. O, gimnastika ilə məşğul olmağa gec - 12 yaşında başlayıb, lakin inkişaf edir. İstəyirik ki, Oratil təkmilləşsin və uğur qazansın”.
Lavrençuk-Vizer əlavə edib ki, Bakıda onun tələbələri yaşayır: “Mən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almışam. Orada ilk tələbələrim var və onlarla görüşmüşəm. Onlardan biri də Azərbaycanın idman ustası Gülarə Nuriyevadır”.
O, bədii gimnastikada qaydaların dəyişdirilməsi ilə bağlı fikirlərini də bildirib: “Məncə, qaydalar bədii baxımdan daha mürəkkəbləşiblər. Bunu öyrətmək mümkün deyil. O ya mövcuddur, ya da yoxdur. Daxildən gəlir. Uşaq bunu başa düşsə, onun üçün daha asan olar. Emosional tərəfi fiziki tərəfdən daha çətindir”.
İdman.biz