Başa çatmaqda olan il Azərbaycan gimnastikası üçün yeni sıçrayış ili olub. Demək olar ki, bütün növlərdə idmançılar uğurlu nəticələr əldə ediblər, bəzi növlərdə isə, ümumiyyətlə, tarix yazıblar.
İdman.biz gimnastikadakı əsas nailiyyətləri təqdim edir:
Bədii gimnastika
Olimpiya zirvəsi
İlin əsas yarışı, şübhəsiz, qrup hərəkətləri komandamızın yeni nailiyyətə imza atdığı olimpiada olub. Qızlar Yay Olimpiya Oyunlarında çıxışları ərzindən ən yüksək – 5-ci yeri tutublar. Zeynəb Hümmətova, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət komanda çoxnövçülük üzrə finalı iki hərəkətin cəmində 34.860 xalla başa vuraraq, çıxışları ilə zala toplaşanları valeh ediblər.
Olimpiada, əlbəttə ki, zirvədir, amma ondan əvvəl Budapeştdə keçirilən Avropa çempionatında qrup komandamız çoxnövçülükdə 4-cü olaraq arzu edilən vəsiqəyə sahib olmuşdu.
Mövsümün gedişində qrup Thiais Qran Prisində qələbə qazanıb, həmçinin ölkəmizdəki Dünya kuboku və Avropa kuboku da daxil olmaqla digər yarışlarda fəxri kürsüyə yüksələ bilib. Yeri gəlmişkən, Avropa kuboku ilk dəfə keçirilib və fərdi çoxnövçülük finalı uduzan çıxır prinsipi ilə "Cross-Battle" formatında təşkil edilib.
Dünya kubokunda Zöhrə Ağamirova 1/4 finala yüksəlsə də, burada dünya ulduzlarından biri - italiyalı Sofiya Raffaeliyə uduzub. Gimnastımız üçün bu mövsüm hər mənada yaddaqalan olub: belə ki, o, ikinci dəfə olimpiadada iştirak edib və ilin sonunda karyerasını bitirdiyini elan edib.
Yeniyetmələr də yaxşı nəticələr göstəriblər. Avropa çempionatında Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı komanda birinciliyində bürünc medal qazanıblar. Avropa kubokunda Bahadırova topla, Ağahüseynova isə lentlə hərəkətlərdə gümüş mükafatçı olublar.
Batut gimnastikası
Paris və Mahsudovanın maksimum xalı
Batut gimnastikası üçün də geridə qalmaqda olan ili yaddaqalan hesab etmək mümkündür. Belə ki, Azərbaycan ilk dəfə olimpiadada bu növdə təmsil olunub. Selcan Mahsudova Dünya kuboku seriyası vasitəsilə Yay Oyunlarına vəsiqə qazana bilib. Debüt olimpiadasında 10-cu yeri tutsa da, Paris onun üçün uzun bir yolun başlanğıcıdır və indi Selcanın yeni bir məqsədi var - Los Anceles-2028.
Deyə bilərik ki, Azərbaycan gimnastı batut gimnastikasında yeni standartlar müəyyən edib. Bunlar heç də pafoslu sözlər deyil. Məsələ ondadır ki, Alkmaardakı Dünya kubokunda Selcan fərdi proqramda maksimum xal toplayıb - 10. O, hərəkəti mükəmməl yerinə yetirib və ilk Dünya kuboku titulunu qazanıb. Fərdi proqramda ideal qiymət elit batutda nadir haldır.
Yeniyetmələr də özlərini yaxşı tərəfdən göstəriblər. Gimaraeşdə (Portuqaliya) keçirilən Avropa çempionatında Əli Niftəliyev və Əmmar Baxşəliyev sinxron proqramda birinci olublar, qızların yarışında isə sinxron proqramda Ayan Şabanova və Samirə Hüseynova gümüş medal qazanıblar.
İdman gimnastikası
Simonovun Avropa gümüşü
Bu il Azərbaycan idman gimnastikası üzrə Avropa çempionatında medal hesabını açıb. Sözügedən uğura halqalarda çıxış edən Nikita Simonov imza atıb.
O, Riminidə keçirilən qitə çempionatın təsnifat yarışında səkkizinci olsa da, finalda 14.900 xal toplaya bilib. Bu, idmançımıza yalnız yunanıstanlı Olimpiya çempionu Eleftherias Petroniasdan geri qalaraq gümüş medal qazanmaq imkanı verib.
Eyni zamanda, Simonov Dünya kuboku seriyası vasitəsilə olimpiadaya vəsiqə qazanmağa yaxın olub. O, Kottbusda (Almaniya) keçirilən mərhələnin qalibi olub, Dohada (Qətər) ikinci yeri tutub, amma bu, lisenziya üçün kifayət etməyib.
Nikita yeni olimpiya dövrünə isə oktyabrda Jombatelidə (Macarıstan) keçirilən Dünya kubokunda qələbə ilə başlayıb.
Tamblinq
Dünya və Avropa hegemonları
Azərbaycan millisi ötən il dünya çempionatında qazandığı qələbədən sonra bu il rəsmən Avropanın da ən güclüsü olub. Portuqaliyanın Gimaraeş şəhərində keçirilən qitə çempionatında gimnastlarımız komanda hesabında qələbə qazanıblar. Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov qızıl uğrunda mübarizədə Böyük Britaniya, Danimarka və digər ölkələri qabaqlayaraq birinci yeri tutublar.
Fərdi yarışda Tofiq Əliyev Avropa gümüşünə sahib çıxıb, Malkin isə Bakıda və Koimbrada (Portuqaliya) keçirilən Dünya kuboklarının qalibi olub. Yeri gəlmişkən, Bakıdakı yarışda iki idmançımız birlikdə fəxri kürsüyə qalxa bilib - Adil Hacızadə də gümüş medal qazanıb.
Akrobatika
Dünya çempionatında dörd qələbə
Akrobatlarımız Gimaraeşdə (Portuqaliya) keçirilən dünya çempionatında fenomenal nəticələr əldə ediblər. Dörd qızıl, bir gümüş və üç bürünc medal qazanan komanda ümumi hesabda üçüncü yeri tutub. Bu nailiyyətin təkcə Azərbaycan akrobatikasının deyil, bütün milli gimnastikamızın tarixinə qızıl hərflərlə yazılacağına şübhə yoxdur.
Portuqaliyaya səfər Azərbaycan akrobatikası üçün çox uğurlu olub. Zarafat deyil, millimiz həm də komanda çempionatında qələbəyə iddialı olub, Çinlə bərabər səviyyədə mübarizə apararaq gümüş mükafat qazanıb.
Sonra komanda iki gün davam edən finalda rekordlar müəyyənləşdirib və onları yeniləyib. Abbasov - Rəfiyev kişilər dueti əvvəlcə qarışıq yarışda, sonra balans hərəkətində qalib olub, daha sonra templə hərəkətdə bürünc medal qazanıb.
Rəhimov - Seyidli qarışıq cütü balans hərəkətində qələbə qazandıqdan sonra qarışıq hərəkətdə də hamıdan güclü olub. Onlar bu kompozisiyanı “Opera fantomu” əsərindən fraqmentləri özündə cəmləşdirən cazibədar melodiya ilə ifa ediblər və nəhayət, templə hərəkət onlara bürünc medal qazandırıb.
Kişilərdən ibarət qrupumuz dünya çempionatında ilk medalını qazanıb. Seymur Cəfərov, Abdulla Əl-Meşaihi, Rəsul Seyidli və Riad Səfərovdan ibarət komanda hər üç finala yüksələ bilib və templə hərəkətdə bürünc medala sahib çıxıb.
Komanda dünya çempionatının ümumi hesabında 3-cü yeri tutmasına baxmayaraq, mükafatların sayına görə birinci olan Belçika və ikinci olan Çini qabaqlayıb.
Aerobika
Dünya çempionatının kəşflərindən fəxri kürsüyə
Azərbaycan aerobika ustaları da dünya çempionatında fəxri kürsüyə çıxa biliblər. Vladimir Dolmatov - Mədinə Mustafayeva qarışıq cütlüyü Pesaroda (İtaliya) keçirilən dünya çempionatında gümüş medal qazanıb.
Finalda duetimiz 20.300 xal toplayaraq fəxri kürsüdə yerini təmin edib. Dolmatov və Mustafayeva Braziliya, Ukrayna, İtaliya, Rumıniya və Çindən olan cütlükləri qabaqlayıblar. Onlar yalnız sonuncu yarışan və nəticədə 20.500 xal qazanan Yaponiya təmsilçilərinə məğlub olublar.
Beynəlxalq Gimnastika Federasiyası Mustafayeva və Dolmatov cütünü yarışın kəşflərindən biri kimi tanıyıb. Onlar Dunkan Lourensin “Loving You Is a Losing Game” əsərini gözəl ifa ediblər. Bundan başqa, Mədinə 2021-ci ildə Azərbaycan komandasının heyətində aerodans yarışında dünya çempionu titulunu qazanıb.
Zəki Feyzullayev
İdman.biz