“Bakıda gimnastika ilə məşğul olmaq üçün hər şərait var”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycanın Milli Gimnastika Arenasında məşq etmiş avstraliyalı bədii gimnast Aleksandra Kiroy-Boqatıryova “Pinnacle” jurnalına açıqlamasında deyib.
Paris-2024 Yay Olimpiadasının iştirskçısı buradakı təəssüratlarını bölüşüb: “Bakıdakı təlim-məşq bazası bütün gimnastika növləri üzrə dünya çempionatlarının keçirildiyi kompleksdə yerləşir. Bu unikal təcrübədir, çünki yarış meydançası, eyni zamanda, hazırlıq üçün də nəzərdə tutulub. Mən dünyada başqa komplekslərdə bunu görməmişəm. Mərkəz bir qədər internat məktəbinə bənzəyir. Bakıda gimnastika üçün lazım olan hər şərait var”.
Avstraliyalı bədii gimnast Bakıdakı iş qrafikindən də danışıb: “Hər gün 8-10 saat məşq edirdik. Gün kardio, fiziki hərəkətlər, ritmik isinmə hərəkətləri və əsas plana bölünürdü. Bu, üç hərəkəti səhvsiz yerinə yetirmək və ya hərəkətləri təkrarlamağa köklənməkdən ibarət ola bilər".
İdman.biz