Fərid Qayıbov: “Yeni missiyaya başlayırıq”

Xəbərlər
13 Yanvar 2025 17:28
102
Fərid Qayıbov: “Yeni missiyaya başlayırıq”

“2024-cü il bitməsi ilə yeni missiyaya başlayırıq. İndi biz Los-Ancelesdəki Yay Olimpiya Oyunları ilə yekunlaşacaq növbəti - 2025-2028-ci illər tsiklinə rəsmən daxil oluruq”.

İdman.biz xəbər verir ki, bu fikirlər Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbovun qurumun saytındakı ənənəvi “Prezidentdən qeydlər” rubrikasında yer alıb.

O, hər tsiklin yeni başlanğıc təsiri bağışladığını qeyd edib: “Hakimlər yenidən brevetə hazırlaşır, gimnastlar, məşqçilər və xoreoqraflar tezliklə beynəlxalq yarışlarda təqdim olunacaq proqramlarını təkmilləşdirir, yeni Qaydalar Kodeksinə bələd olurlar. Yeni çıxışları səbirsizliklə gözləyən azarkeşlər yeni ulduzlar və yeni tendensiyalara şahid olmaq istəyir.

Ötən ay qadın idman gimnastikası kişi gimnastlara qoşularaq ilk dəfə Milad Kuboku adlı onlayn yarışda təmsil olundu. Bu, kişilər üçün artıq dördüncü belə yarış idi. Bu da belə yarış növünə marağın nə qədər böyük olduğunu göstərir. Bu həftəsonu biz kişi idman gimnastikasında yeni onlayn format olan “Perfect 10”u təqdim edirik. Bu proqram yaxşı icra edilmiş, yüksək səviyyəli gimnastikaya diqqət yetirməklə, yığcam qaydalar toplusunu təklif edir. Şənbə və bazar günləri təsnifat mərhələlərinin şahidi olacağıq. Hər növdə ilk 12 yeri tutan idmançılar yanvarın 25-də keçiriləcək yarımfinala yüksələcəklər. Final isə fevralın 1-nə planlaşdırılıb ki, burada hər alət üzrə ən yaxşı altı gimnast mükafatlar uğrunda mübarizə aparacaq”.

Qayıbov vurğulayıb ki, Avropa Gimnastikasının əməkdaşları strateji plan çərçivəsində belə maraqlı və baxımlı yarış formatlarının hazırlanması üçün böyük səylər göstərir: “Saytımızda “Luicidən soruş” adlı süni intellekt aləti hazırlamışıq. Gülməli maskotumuz Luicidən sözün əsl mənasında hər şeyi soruşa bilərsiniz: tədbirlərə biletlərin nə vaxt satışa çıxarılacağını, bədii gimnastikada hansı alətlərdən istifadə olunduğunu. Bizim elektron tədris platformamız da inkişaf mərhələsindədir və optimal resursları təmin etmək üçün bura hər dəfə bir fənn əlavə edilir.

Gördüyünüz kimi, qarşıda bizi çoxsaylı tədbirlərdən əlavə də gərgin bir il gözləyir. Bu, bizim qitə gimnastika qurumunda seçki dövrümüzün sonuncu ilidir. Mən şövqlə və ilhamla rəhbərliyə davam etmək niyyətindəyəm ki, noyabrda Çexiyanın paytaxtı Praqada keçirilən Konqresdə gördüyümüz işləri qürurla göstərək”

İdman.biz