Raziyə Seyidli: “Məqsədimiz hər bir yarışda ən yüksək nəticələri göstərməkdir”

Xəbərlər
18 Yanvar 2025 18:05
131
Raziyə Seyidli: “Məqsədimiz hər bir yarışda ən yüksək nəticələri göstərməkdir”

"Ötən il bizim üçün uğurlu oldu".

Bunu İdman.biz-ə Azərbaycan millisinin akrobatı Raziyə Seyidli deyib.

Gimnast Azərbaycan Gimnastika Federasiyasının 2024-cü il üçün açıqladığı ən yaxşılar sırasında olmasına münasibət bildirib. Seyidlinin sözlərinə görə, ötən il onun üçün uğurlu alınıb: "Yüksək nəticələr göstərdik. Dünya kuboku yarışında 2 qızıl, 1 gümüş medal götürməklə kuboklar seriyasini qazanmış olduq. Daha sonra dünya çempionatının hazırlığına başladıq. Bu hazırlıq öz çətinliyinə görə digərlərindən çox fərqlənirdi. Ancaq şükürlər olsun ki, öhdəsindən gələ bildik və yarışda yaxşı nəticə göstərdik. Biz həm də tarixdə ilk dəfə dünya çempionatında komanda olaraq da yer tutduq. Təbii ki, temp hərəkətləri üzrə də qızıl qazanmağı çox istəyərdik, ancaq bəzi səhvlər ucbatından alınmadı".

O, gələcək perspektivlərindən də söz açıb: "Bu il beş dünya kubokumuz, Avropa çempionatı və ən əsası Dünya Oyunları var. Məqsədimiz hər bir yarışda ən yüksək nəticələri göstərməkdir. Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, ötən gün Azərbaycan Gimnastika Federasiyası 2024-cü ildə idmançıların göstərdikləri nəticələrə əsasən reytinq siyahısını açıqlayıb. İkinci yerdə akrobatika gimnastikasında çıxış edən cütlük - Ağasif Rəhimov və Raziyə Seyidli yer alıb. Siyahıda birinci yerdə Paris-2024 Yay Olimpiya Oyunlarında beşinci olan bədi gimnastika üzrə qrup hərəkətləri komandası qərarlaşıb.

Aytac Sahəd
İdman.biz