Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kuboku təkcə uçan gimnastlar üçün yeni mövsümün startı deyil, həm də Los-Anceles-2028-ə hədəflənən Olimpiya dövrü üçün yenilənmiş qaydalar çərçivəsində ilk yarışdır.
İdman.biz xəbər verir ki, yeni hesablama sistemində bu və ya digər elementlərin çətinlik dəyəri artırılıb.
Başqa sözlə, universal kompozisiyalar daha yüksək qiymətləndiriləcək. Beynəlxalq Gimnastika Federasiyasının Batut Texniki Komitəsinin prezidenti Kristof Lambert mövzu ilə bağlı belə deyib: "Biz 20 ildir dəyişməyən çətinlik sistemini yenidən qurmuşuq".
Gimnastın batutdakı çıxışa görə xalı dörd fərqli qiymətin toplanması ilə hesablanır: proqramdakı 10 elementin çətinliyinin birləşmiş qiyməti, icraetmənin qiyməti, gimnastın elementlər arasında havada nə qədər qaldığına əsaslanan uçuş vaxtı qiyməti və idmançının batut torunun mərkəzindən nə qədər uzaqlaşdığını ölçən üfüqi yerdəyişmənin qiyməti.
Texniki komitə bütün aspektləri araşdırdıqdan sonra belə qənaətə gəlib ki, medallara əsas iddiaçılar digər iştirakçılarla eyni elementlərə və kombinasiyalara üstünlük verirlər. Bununla bağlı Lambert fikrini belə ifadə edib: "Biz müəyyən etdik ki, bəzi çox maraqlı elementlər düzgün dəyərə malik olmadığı üçün istifadə edilmir. Ona görə də çətinliyin qiymətləndirilməsini dəyişməyə qərar verdik. İndi onun əhəmiyyəti artacaq”.
Yeni kodeksə əsasən, havada hər fırlanma zamanı yerinə yetirilən bir tam fırlanma ilə üçlü salto kimi bəzi elementlər çətinləşib. Bu da gimnastları onları sınamağa həvəsləndirir.
Akrobatik tullanışlarda və qoşa mini-batutda elementlərin qiymətləndirilməsi dəyişməz qalıb.
Texniki komitə həmçinin avqustda Çinin Çenqdu şəhərində keçiriləcək Dünya Oyunlarında sinxron batut, qoşa mini-batut və tamblinq üzrə qaliblərin müəyyənləşdiriləcəyi final mərhələləri üçün istifadə olunacaq yeni formatı sınaqdan keçirir. Əgər əvvəllər ilk səkkiz finalçı qalibləri müəyyən edirdisə, indi ilk dördlük həlledici mərhələdə mübarizəni davam etdirəcək. Finalda iki iştirakçı qalacaq, finala çıxa bilməyənlər isə bürünc uğrunda mübarizə aparacaqlar.
Zəki Feyzullayev
İdman.biz