Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya kubokunun startına bir neçə gün qalıb. Aprelin 18-dən bütün diqqətlər 39 ölkədən gələcək zərif gimnastların öz məharətlərini nümayiş etdirəcəkləri Milli Gimnastika Arenasına yönələcək. Paytaxtın qonaqları arasında həm yüksək səviyyəli ulduzlar, həm də öz qitələrində parlamağa başlayan və artıq beynəlxalq miqyasda tanınan idmançılar olacaq.
İdman.biz Bakıdakı Dünya kubokunun diqqətçəkən adlarını təqdim edir.
Daria Varfolomeev
Almaniya təmsilçisi Olimpiya çempionu, altıqat dünya çempionu və ikiqat Avropa çempionudur. O, ötən ilin nəticələrinə görə, ölkəsinin ən yaxşı idmançısı seçilib. İlk dünya çempionatı qızılını isə üç il əvvəl Sofiyada gürzlərlə yarışda qazanıb. Növbəti il Valensiyada keçirilən lisenziya xarakterli dünya çempionatında kolleksiyasına daha beş ən yüksək mükafat əlavə edib – çoxnövçülükdə və bütün fərdi yarışların finallarında. Komanda mübarizəsində də gümüş medala sahib çıxıb. Varfolomeev həmçinin Bakıda AVRO-2023-də lentlə hərəkətlərdə qalib olub.
Ötən il Bakıda keçirilən Dünya kubokunda isə dörd qızıl və bir bürünc medal qazanıb.
Sofia Raffaeli
İtaliyalı gimnastın ən böyük nailiyyəti 2022-ci ildə Sofiyada keçirilən dünya çempionatında beş qızıl medal qazanması olub. O, çoxnövçülük yarışında, top, halqa və lentlə hərəkətlərdə qalib olub, həmçinin komanda hesabında birinci yeri tutub. Növbəti il Valensiyada keçirilən dünya çempionatında üç gümüş və bir bürüncdən ibarət mükafat dəstinə sahib çıxıb, Bakıda keçirilən Avropa çempionatında isə top və gürzlərlə hərəkətlərdə qalib gəlib, həmçinin çoxnövçülükdə gümüş medal qazanıb.
Paris Olimpiadasında da bürünc mükafatla fəxri kürsüyə qalxıb.
Ötən il Bakıda keçirilən Dünya kubokunda Raffaeli bütün mükafatları toplayıb - o, gürzlərlə yarışda qızıl qazanıb, halqa ilə ikinci, çoxnövçülükdə isə üçüncü olub.
Stiliana Nikolova
Boryana Kaleyn karyerasını başa vurduqdan sonra Nikolova Bolqarıstan komandasının lideri olub. O, üç il əvvəl dünya çempionatında debüt edib, o zaman Sofiyada çoxnövçülükdə bürünc, həmçinin halqa, gürz və lentlə yarışlarda gümüş medal qazanıb. Növbəti il Qvadalaxarada keçirilən dünya çempionatında komanda mübarizəsində qələbəni bayram edib.
Nikolova dörd dəfə Avropa çempionatının qalibi olub, o cümlədən 2023-cü ildə Bakıda uğur qazanıb. Azərbaycanın paytaxtını bolqarıstanlı gimnast üçün şanslı şəhər adlandırmaq mümkündür, çünki ötən il 1-ci Avropa kubokunun da qalibi olub, mütləq çempionatın qızıl medalını qazanıb, həmçinin gürzlərlə hərəkətlərdə birinci yeri tutub.
Taisiya Onofriyçuk
Ukraynalı gimnastın adı hamıya yaxşı tanışdır. O, ilk dəfə iki il əvvəl gənclərin dünya çempionatında gürzlərlə hərəkətlərdə gümüş medal qazanaraq beynəlxalq səhnədə adından söz etdirib. Növbəti il artıq böyüklər arasında yarışıb və Avropa çempionatının bürünc medalını qazanıb.
O, həmçinin ötən il Milli Gimnastika Arenasında keçirilən Dünya kubokunda üç dəfə fəxri kürsüyə qalxıb: gürzlərlə gümüş, top və lentlə yarışlarda isə bürünc medal qazanıb.
Paris Olimpiadasında Taisiya doqquzuncu yeri tutub və yeni mövsümə isə Thiais və Marbella Qran Prilərində qələbələrlə başlayıb, həmçinin Sofiyada keçirilən Dünya kubokunda üç qızıl medal qazanıb.
Marina Malpika
Meksikalı öz qitəsində aparıcı gimnastlardan biridir və kifayət qədər böyük təcrübəyə malikdir. Onun hesabında 2017-ci ildən başlayaraq Panamerika çempionatında səkkiz medal var: 2 qızıl, 3 gümüş və 4 bürünc qazanıb.
Marina həmçinin Mərkəzi Amerika və Karib hövzəsi Oyunlarında da bir neçə dəfə fərqlənib. 2023-cü il San Salvadorda keçirilən yarışlarda isə beş qızıl və bir gümüş medal qazanıb.
Zəki Feyzullayev
İdman.biz