Olimpiya çempionu Darya Varfolomeev dünya bədii gimnastikasının əsas ulduzlarından biridir.
İdman.biz xəbər verir ki, almaniyalı gimnast Bakıda keçirilən Dünya kubokunun ilk günündə halqa və topla kompozisiyalar nümayiş etdirib, daha sonra çıxışlarla bağlı təəssüratlarını bölüşüb.
O, yenidən Bakıda olmağından və mövsüm ərzində sınaqdan keçirəcəyi hərəkətləri nümayiş etdirdiyinə görə şad olduğunu bildirib: "Hələ görüləsi işlər var, ona görə də kompozisiyaları təkmilləşdirməyə davam edəcəyəm. Dünya kubokuna gəlincə, təkcə medallar qazanmağa deyil, həm də məşqçimin və özümün xoşuna gələcək çıxış göstərəcəyimə ümid edirəm. Hazırda hansı səviyyədə olduğumuz müəyyənləşsin".
Varfolomeev həmçinin bildirib ki, sevimli alətləri baxımından onun xüsusi üstünlük verdikləri yoxdur: "Hər məşqdə maraqlı bir şey göstərməyə çalışıram, hamısını bəyənirəm. Hər bir kompozisiya özünəməxsus şəkildə fərqlidir, ona görə də heç birini ayıra bilmirəm".
Qeyd edək ki, ötən il Bakıda keçirilən Dünya kubokunda Varfolomeev dörd qızıl və bir bürünc medal qazanıb.
İdman.biz