Bu gün həndbol üzrə avrokubokların 2024/25 mövsümünün püşkü atılıb.
İdman.biz xəbər verir ki, Avropa Liqası və Avropa kubokunda həm kişi, həm qadın komandalarının rəqibləri bəlli olub.
Azərbaycan klublarının da rəqibləri müəyyənləşib. Ölkəmiz qitə kuboklarında 5 komanda ilə təmsil olunacaq.
Təmsilçilərimizin hamısı Avropa kubokunda mübarizə aparacaq. “Kür” və “Bakı” kişilərin, “Qarabağ”, “Kür” və “Azəryol” qadınların turnirində qüvvəsini sınayacaq.
Komandalarımız yarışa 2-ci mərhələdən start verəcək. Kişilərin turnirində bu raund oktyabrın 19-20-də və 26-27-də keçiriləcək. “Kür” “Stravolo” (Kipr), “Bakı” “Lofçen Çetinye” (Monteneqro) ilə görüşəcək. Mingəçevir klubu mövsümə səfərdə, paytaxt təmsilçisi evdə başlayacaq.
Qadın komandalarımızın matçları oktyabrın 5-6-da və 12-13-də baş tutacaq. “Kür” “İonias” (Yunanıstan), “Qarabağ” “Differdanj” (Lüksemburq), “Azəryol” “Qaliçanka” (Ukrayna) ilə üz-üzə gələcək. Təmsilçilərimiz ilk matçları evdə keçirməlidir.
Qeyd edək ki, Avropa kubokunda 63 kişi və 64 qadın komanda çıxış edəcək.
İdman.biz