“Kür”ün yeni baş məşqçisi: “Mingəçeviri çox bəyəndim, lazımı qələbəni qazanacaq”

Xəbərlər
19 Avqust 2024 11:12
878
“Kür”ün yeni baş məşqçisi: “Mingəçeviri çox bəyəndim, lazımı qələbəni qazanacaq”

“Təklif klubdan gəldi və ardınca danışıqlara başladıq”.

Bunu İdman.bizə qadın həndbolçulardan ibarət “Kür” klubunun yeni baş məşqçisi Milorad Despotoviç deyib.

Monteneqrolu mütəxəssis Azərbaycan klubuna gəlişini şərh edib. O bildirib ki, ilk dəfə mayın əvvəlində komanda ilə tanış olmaq üçün Bakıya gəlib: “Kür”ün Azərbaycan kubokunun yarımfinal və final matçlarını canlı izlədim. Daha sonra təkliflə bağlı rəhbərliklə müzakirələr apardıq. Yekunda isə “Kür”də işləməyə razılıq verdim. Azərbaycanı, xüsusilə də Mingəçevir şəhərini çox bəyəndim. Klubda idmançıların hazırlığı üçün bütün lazımi şərait yaradılıb. İdman otaqları, məşq zalı, hovuzu və s. bütün hər şey əla vəziyyədədir”.

51 yaşlı Despotoviç ölkəmizi avrokubokda da təmsil edəcək “Kür”ün hazırkı durumunu da açıqlayıb: “Klubda bir sıra dəyişikliklər oldu. Yeni xarici həndbolçular transfer etmişik. Mövsümün əvvəlidir. Bu baxımdan qızlar bir az çətinlik çəkirlər, amma məşqlərimiz çox yaxşı keçir. Yerli oyunçularımız gündəlik hazırlıqda özlərini yaxşı göstərirlər. Bu da onlarda inkişafı göstərir. Yeni gələnlərin də komandamız üçün faydalı olacağını düşünürəm. İnanıram ki, bu mövsümdə Azərbaycan çempionatında və kubokunda çox yaxşı nəticə əldə edəcəyik”.

O, Avropa kubokunda Yunanıstan “İonias"ı ilə keçirəcəkləri görüşdən gözləntilərini də açıqlayıb: “Hər iki matçı səfərdə keçirmək çətin olacaq. Rəqibin 3-4 oyununu izləmişəm. Fikrimcə, yaxşı komandadır. Həmin klubun təcrübəli legionerləri də rəqibin gücündən xəbər verir. Buna baxmayaraq, inanıram ki, “Kür” əlindən gələni edərək, lazımı qələbəni qazanacaq”.

Qeyd edək ki, Mingəçevir təmsilçisi "İonias"la oktyabrın 5-də və 6-da Afinada oynayacaq.

Banuçiçək Hüseynli
İdman.biz