Qadın həndbolçulardan ibarət “Qarabağ” klubunun avrokuboklardakı növbəti rəqibinin müəyyənləşəcəyi vaxt bəlli olub.
İdman.biz xəbər verir ki, Avropa kubokunun 3-cü mərhələsinin püşkatması oktyabrın 15-də baş tutacaq.
Mərhələnin 32 iştirakçısı 16 cüt təşkil edəcək. Bu raundun ilk oyunları noyabrın 9-10-da, cavab görüşləri 16-17-də keçiriləcək.
“Qarabağ”ın mümkün rəqiblərindən 12-si məlumdur. Bunlar 2-ci mərhələni adlayan “Görele” (Türkiyə), “Porrino”, “Valyadolid” (hər ikisi İspaniya), “Haukar”, “Valyur” (hər ikisi İslandiya), “İonioas” (Yunanıstan), “San Pedro”, “Madeyra” (hər ikisi Portuqaliya), “Salerno” (İtaliya), “Atsqerdorf” (Avstriya), “Qaliçanka” (Ukrayna) və “Unirek” (Niderland) klublarıdır.
Qeyd edək ki, “Qarabağ” 2-ci mərhələdə Lüksemburq təmsilçisi “Differdanj”ı hər iki oyunda məğlub edib – 27:24, 26:25.
İdman.biz