Kənan Gökmən: "Azərbaycanın uğurlu nəticələrini görmək məni xoşbəxt edir"

Xəbərlər
1 Dekabr 2024 16:38
69
Kənan Gökmən: "Azərbaycanın uğurlu nəticələrini görmək məni xoşbəxt edir"

"Qardaş ölkə Azərbaycanda olmaqdan çox xoşbəxtəm".

Bunu İdman.biz-ə açıqlamasında EHF (Avropa Həndbol Federasiyası) nümayəndəsi Kənan Gökmən deyib.

O bildirib ki, Azərbaycanda həndbola maraq qənaətbəxşdir: "Kür" güclü komandadır. Dünənki oyunda bu komandanın kifayət qədər yaxşı formada olduğunu gördüm. Oyunun nəticəsi istədikləri kimi olmasa da, göstərdikləri mücadilə yaxşı idi. İnanıram ki, bugünkü oyunda da eyni performansı göstərə biləcəklər. Dünən seyr etdiyim matçda zal dolu idi. Bu məqam Azərbaycanda həndbola böyük maraq olduğunu göstərir. Əgər həmin azarkeşlər bura gəldikləri zaman komandalarının uğur qazandığını görərsə, təbii ki, daha da yaxşı olar. Azərbaycanı öz ölkəmə bənzədirəm. Hər iki ölkə idmanda böyük nəticələr qazanmaq istəyir. Bir türk olaraq Azərbaycanın uğurlu nəticələrini görmək məni xoşbəxt edir".

Qeyd edək ki, kişi həndbolçulardan ibarət “Kür” komandası bu gün Avropa Kubokunda növbəti oyununu keçirəcək. Mingəçevir təmsilçisi 1/16 final mərhələsinin cavab matçında İslandiyanın “Haukar” komandası ilə qarşılaşacaq. Matçı Moldovadan olan referilər – Kristina Sirbu və Viktor Serdiuç idarə edəcəklər. Görüşün EHF (Avropa Həndbol Federasiyası) nümayəndəsi isə türkiyəli Kənan Gökməndir.

Aytac Sahəd
İdman.biz