Beynəlxalq Buzüstü Hokkey Federasiyası (IIHF) kişilər və qadınlar arasında 3x3 hokkeyin 2030-cu ildə Fransada Alp dağları ətəyində keçiriləcək Olimpiya oyunlarının proqramına daxil olunmasını təklif etməyə hazırlaşır.
İdman.biz xəbər verir ki, Lozanna 2020 və Qangneung 2024 Yeniyetmələrin Olimpiya Oyunlarında müxtəlif variantları sınaqdan keçirən IIHF, ümumiyyətlə, 2017/18 mövsümündən etibarən 3x3 turnir formatını təkmilləşdirməyə çalışır. Həmçinin, bu yaxınlarda müxtəlif ölkələrdə böyüklər arasında da sınaq yarışları təşkil olunub və noyabrda Braziliyada daha bir turnirin keçirilməsi planlaşdırılır.
Beynəlxalq Olimpiya Komitəsi 2030-cu ildə Fransada keçiriləcək Qış Oyunları üçün yeni növlər üzrə təkliflər gözləyir və IIHF öz təklifini 2025-ci ilin yanvar ayınadək təqdim etməlidir. Qərarın mart ayında veriləcəyi gözlənilir.
IIHF prezidenti Lük Tardif təşkilatın bu yaxınlarda keçirilən konqresində bildirib ki, 3x3 hokkey turnirində 16 komanda (səkkiz kişi və səkkiz qadın) və 240-dan çox idmançı Qış Olimpiya Oyunlarında medallar uğrunda mübarizə aparacaq. Bu yaxınlarda Paris Oyunlarında 3x3 basketbol və reqbi-7 kimi oxşar "kiçik" idman növlərinin uğurundan sonra belə bir inam var ki, 3x3 hokkey yeni auditoriyanı cəlb etmək və bütün dünyada iştirakı artırmaq üçün əla vasitə ola bilər. O, həmçinin iştirakçıların sayı və yarış vaxtı baxımından Qış Olimpiya oyunlarında ən böyük idman növündə təklif olunan medalların sayını iki dəfə artıracaq.
İdman.biz