Prezident Kubokunun açılış mərasimi keçirilib - FOTO

Xəbərlər
15 Dekabr 2023 16:10
283
Prezident Kubokunun açılış mərasimi keçirilib - FOTO

Bakıda çövkən milli atüstü oyunu üzrə Prezident Kubokunun açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, Binə Atçılıq Mərkəzində baş tutan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev iştirak ediblər.

Tədbirdə öncə turnir iştirakçılarının atlı paradı keçirilərək, komandalar təqdim olunub. Daha sonra Dövlət Sərhəd Xidmətinin xüsusi orkestrinin müşahidəsi ilə müxtəlif ifalar səsləndirilib.

Qarabağ atlarının xüsusi şousu göstərildikdən sonra nümunəvi rəqs çıxışları ilə “Odlar yurdu” kompozisiyası təqdim olunub.

Tədbiri giriş sözü ilə açan gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, ARAF bu il bir neçə yerli və beynəlxalq yarışlar təşkil edib: "Turnir Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə təsadüf edir. Atçılıq Federasiyasına müxtəlif tədbirlər təşkil edərək, bu idman növünün inkişafına xüsusi töhfə verdiyi üçün təşəkkür edirəm. İl ərzində polo idman növündə çıxış edən idmançılar ölkəmizi layiqincə təmsil ediblər, medallar qazanıblar”.

ARAF-ın İdarə Heyətinin üzvü Cavid Abdullayev Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın idmana xüsusi diqqət və qayğı danışıb: “Ölkəmizdə atçılıq idman növündə bir çox tədbirlər keçirilib. Bu idmanın əsas məqsədi dövlətimizin adət-ənənələrinin təbliğ olunmasıdır”.

Ardınca Dövlət Himni səsləndirilərək, ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rəsmi çıxışlardan sonra 10-cu Prezident Kuboku turniri açıq elan olunub.

Qeyd edək ki, dekabrın 24-dək davam edən turnirdə 8 komanda 2 qrupda mübarizə aparacaq. A qrupunda “Sərhədçi-Qarabağ”, “Polad, “Köhlən”, “Şirvan”, B qrupunda isə “Sərhəçi-Dolbaz”, “Omar”, “Zəfər”, “Embawood” klubları yer alıblar.

Banuçiçək Hüseynli
İdman.biz