“Mahir Muradov Kuboku” uğrunda konkur yarışları keçirilib - FOTO

Xəbərlər
28 Sentyabr 2024 17:23
96
“Mahir Muradov Kuboku” uğrunda konkur yarışları keçirilib - FOTO

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin açıq manejində “Mahir Muradov Kuboku” uğrunda konkur yarışları keçirilib.

İdman.biz xəbər verir ki, yarışlar “E”, “L” koteqoriyaları üzrə 27 sentyabr, “M*” kateqoriyası üzrə isə bu gün baş tutub.

Turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak ediblər.

“E” kateqoriyası üzrə 90 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak ediblər. 21 idmançının iştirak etdiyi kateqoriyada “Sərhədçi” atçılıq klubunun idmançısı Gülay Fərzəliyeva “Nabab de Belou” ləqəbli atla birinci, “Alma” ləqəbli atla ikinci, “Məktəb” atçılıq klubunun idmançıları Valeriya Roşenko “Şəhzadə” ləqəbli atla üçüncü, Ayan Fərəcova “Tibet” ləqəbli atla dördüncü, “Omar” atçılıq klubunun idmançısı Samira Baxşıyeva isə “Bulud” ləqəbli atla beşinci yerin sahibi olub.

“L” kateqoriyası üzrə 115 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda iştirak edən idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla mübarizə aparıblar. 15 idmançının iştirak etdiyi kateqoriyada “Gilan” atçılıq klubunun idmançısı Rahib İsmayılov “Carthanio” ləqəbli atla birinci, “Aleks 1” ləqəbli atla üçüncü, “Sərhədçi” atçılıq klubunun idmançısı Gülay Fərzəliyeva “Nabab de Belou” ləqəbli atla ikinci, “Elite” atçılıq klubunun idmançısı Aydan Ağayeva “Zirvə 2” ləqəbli atla dördüncü, “Omar” atçılıq klubunun idmançısı Kənan Novruzov isə “Lothar 41” ləqəbli atla beşinci yerin sahibi olub.

Sonuncu turunda “M*” kateqoriyası üzrə 12 idmançının iştirakı ilə keçirilib. Bu kateqoriya üzrə 120 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda “Elite” klubunun idmançısı Seyid Musayev “Ayla” ləqəbli atla birinci, “Murad” atçılıq klubunun idmançısı İya Firsova “Clima” ləqəbli atla ikinci, “Elano C” ləqəbli atla dördüncü, “Buta Golden” atçılıq klubunun idmançısı Eqor Morotski “Astrello” ləqəbli atla üçüncü, “Gilan” atçılıq klubunun idmançısı Rahib İsmayılov isə “Carthanio” ləqəbli atla beşinci yerin sahibi olub.

Yarışın sonunda birinci yerin sahiblərinə “Mahir Muradov Kuboku”, ilk üç yerin sahiblərinə medal, 4-cü və 5-ci yerin sahiblərinə isə diplom və pul mükafatı təqdim edilib.

İdman.biz