Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 5-8 noyabr 2023-cü il tarixlərdə Binə Atçılıq Mərkəzində, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq Milli Atçılıq Festivalı keçiriləcək.
İdman.biz xəbər verir ki, festivalda yalnız milli cins atların – Qarabağ və Dilbaz atlarının iştirakı ilə Çövkən çempionatı, Cıdır yarışları və Yorğa qaçışları təşkil olunacaq.
Noyabr 5-də saat 11:00-da qapalı manejdə festivalın təntənəli açılış mərasimi təşkil olunacaq. Həmin gün açılış mərasiminin ardınca çövkən üzrə dünya çempionatının ilk 3 oyunu keçiriləcək. Ertəsi gün digər 3 görüş eyni saatdan keçirilməyə başlayacaq.
Çövkən çempionatında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Polşa və Mərakeş milliləri iştirak edəcək.
Noyabrın 7-də saat 11:00-da cıdır və yorğa qaçışlarına start veriləcək. Qaçışlar Binə Atçılıq Mərkəzinin cıdır yolunda təşkil olunacaq. 6 yorğa qaçışı və 5 cıdır qaçışı olmaqla ümumilikdə 11 qaçışda iştirakçılar kuboklar uğrunda mübarizə aparacaqlar. Kubok adları işğaldan azad olunmuş 11 xüsusi ərazinin adı ilə adlandırılacaq. Günün yorğa üzrə baş yarışının kubokunun adı “Şuşa”, cıdır üzrə baş yarışının kubokunun adı isə “Xankəndi” adlandırılacaq.
Noyabr 8-də 2023-cü il tarixdə çövkən üzrə dünya çempionatının “üçüncülük” və final oyunları keçiriləcək. Günün ilk oyunu saat 11:00-da start götürəcək.
İdman.biz