“Azərbaycan millisi yaxşı formadadır. Biz cüdoçuların Avropa çempionatında uğurlu çıxış edəcəyini gözləyirik”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli deyib.
Azərbaycan millisinin bu gün keçirilən açıq məşqini izləyən olimpiya çempionu yığmamızın aprelin 25-27-də Xorvatiyanın Zaqreb şəhərində keçiriləcək Avropa çempionatına hazırlığını dəyərləndirib. Məmmədli kişilərdən ibarət komandanın maksimum sayda – 9 idmançı ilə təmsil olunacağını bildirib: “Demək olar ki, bütün çəkilərdə lisenziya qazanmışıq. İndi Olimpiadaya kimin gedəcəyi sual doğurur. Buna görə də Zaqreb səfəri cüdoçular üçün özünü göstərmək, yaxşı nəticə qazanmağa çalışmaq şansıdır”.
Məmmədli komandanın liderlərinə də toxunub: “73 kq çəkidə çıxış edən Hidayət Heydərov dünya reytinqinin lideridir. Zelim Kotsoyev 100 kq çəkidə ikincidir. Hər ikisi ötən il Avropa çempionu olub. Onların yenə uğur qazanmaq üçün yaxşı şansları var”.
Məmmədli vurğulayıb ki, idmançılar Olimpiadaya hazırlıq öncəsi məsuliyyəti yaxşı dərk edirlər: “Hamı var qüvvəsi ilə məşq edir. Qarşıda o qədər də çox yarış qalmayıb. Parisə gedəcək heyətlə bağlı yekun qərarı məşqçilər korpusu verəcək”.
Zəki Feyzullayev
İdman.biz