“Avropa çempionatına hazırlıq sürətlə davam edir”.
Bunu İdman.bizə Azərbaycan millisinin cüdoçusu Elcan Hacıyev (90 kq) deyib.
O bildirib ki, Zaqrebdə keçiriləcək Avropa çempionatında qızıl medal hədəfləyib: “Çəki salmağa başlamışam və ağır məşqlərim azalıb. Özümü çox yaxşı hiss edirəm. İnanıram ki, medalsız qalmayacam. Yaxşı formada olub-olmadığımı çempionatdakı çıxışımda bilinəcək. Yarışda əsas məqsədim finala vəsiqə qazanmaqdır. Ardınca bütün gücümü toplayıb çempion olmağı hədəfləmişəm. Demək olar ki, rəqiblərimizi tanıyırıq, amma burada abu-hava tam fərqlidir”.
Hacıyevin sözlərinə görə, rəqib hər nə qədər güclü olsa da, bu, çıxışına təsir etməyəcək: “Güclü rəqiblər tək Avropa çempionatında yox, bütün yarışlarda olur. Əsas qızıl medal üçün qarşına məqsəd qoyub, hamıya güc gəlməyi bacarmalısan. Özümə çox inanıram. Qarşıdakı hədəfim Olimpiyadadır. Ora gedən yollardan biri də bu, Avropa çempionatıdır. Bu səbəbdən yarışın çox yaxşı keçəcəyini düşünürəm”.
Qeyd edək ki, Avropa çempionatı aprelin 25-27-də Xorvatiyanın paytaxtı Zaqrebdə baş tutacaq.
Banuçiçək Hüseynli
İdman.biz