“Avropa çempionatına 10-cu titulumu qazanmaq üçün gəlmişdim. Yarışdan əvvəl Azərbaycan mətbuatı 10-cu titulum üçün mübarizə aparacağımı yazırdı. Bu da mənə əlavə təzyiq idi”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli deyib.
Usta cüdoçular arasında 10-cu dəfə Avropa çempionu olan idmançı uğuruna şərh verib. O, Avropa Cüdo İttifaqının mətbuat xidmətinə açıqlamasında daha bir titul arzuladığını gizlətməyib: “Hamı səylə çalışdığı və turnirə hazırlaşdığı üçün çətin oldu. Əvvəl qalib gəldiyim iki rəqib mənə qarşı yaxşı hazırlaşmışdı. Çıxışlarımı davam etdirəcəm. Hələ ki, mübarizə aparamağı bacarıram və buna şadam. Qələbələrdən və ölkəmin bayrağını qaldırmaqdan zövq alıram. Mən bacardığım qədər çıxış edəcəm. Cüdo həm də sağlamlığımı saxlayır. Veteranlar arasında Avropa çempionatı dünya çempionatından yaxşı təşkil olunur. Növbəti titulumu Azərbaycanda qazanmaq istəyərdim. Amma buna mən qərar vermirəm”.
Qeyd edək ki, Rəcəbli Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda usta cüdoçular arasında Avropa çempionatında qızıl medala sahib çıxıb.
İdman.biz