Kamran Talıbov: “Fransalılarla söhbətdə Bakıdan gəldiyimi eşidəndə təəccübləndilər”

Müsahibə
26 İyun 2024 13:02
223
Kamran Talıbov: “Fransalılarla söhbətdə Bakıdan gəldiyimi eşidəndə təəccübləndilər”

“Tokio-2020-də də fəaliyyət göstərmişəm. Yaponiyada ağırlıqqaldırma yarışında əməliyyatların idarə olunmasına dəstək göstərmişəm”.

Bunu İdman.bizə Paris-2024 Yay Olimpiya Oyunlarının yerli Təşkilat Komitəsində fəaliyyət göstərəcək Azərbaycan Cüdo Federasiyasının (ACF) idman direktoru Kamran Talıbov deyib.

O, təyinatını Azərbaycan idmanı üçün uğur adlandırıb: “Mən burda tək deyiləm. Digər şöbələrdə də həmyerlilərimiz var. Çox olmasa da, təxminən 3 nəfərin olduğunu bilirəm. Burada işlədiyimiz köhnə komandadan da simalar var. Hər zaman bir araya yığışanda onlar Bakı-2015-i xatırlayırlar. Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirirlər. Buna bir miras kimi baxırlar. 2015-ci ilə kimi azərbaycanlılar çox yarışda olmasa da, bundan sonra hər yerdə olduğumuzu deyirlər. Onlar hara gedirlərsə, həmvətənlərimizlə qarşılaşırlar. Həmin insanlar həm Azərbaycanda Avropa Oyunlarında çalışdıqları üçün xoşbəxtdirlər, həm də bir çox əməkdaşı yetişdirdikləri üçün qürur duyurlar”.

O bildirib ki, Fransa paytaxtında çalışan 2 fransalı ilə bir gün öncə söhbəti zamanı Bakıdan gəldiyini eşidəndə təəccübləniblər: “Deyirlər ki, bir ölkə necə ola bilər ki, bu qədər sıçrayış edə bilər? Elə bir tədbir olmayıb ki, siz təşkil etməyəsiz. Bütün təşkil etdiyimiz yarışların adlarını da çəkdilər. Avropadan kənarda olsaq da, hər zaman izlənilirik. Təbii ki, bu, Azərbaycan idmanının uğurudur”.

ACF rəsmisi qarşıdakı 2 ay ərzində voleybol, həndbol, ağırlıqqaldırma və stolüstü tennis yarışlarında əməliyyatların idarə olunmasına dəstək göstərəcək. Talıbovun sözlərinə görə, Olimpiadada onu çox məsuliyyətli iş gözləyir: “Burada Cüdo Federasiyasında işlədiyimi bilirlər. Hətta əməlliyat şöbəsində işləyənlər onlarla təccrübəmi bölüşməyimi istəyirlər. Fərqli idman növlərində olmağımıza baxmayaraq, bir-birimizə hər zaman kömək edirik. Ağır məsuliyyət ilə qarşı-qarşıyayam. Nəzarət etdiyim idman növlərinin ağır çəkiləri var. 4 idman növündə əməliyyatları idarə etməklə yanaşı, hər gün oyunlardan sonra olacaq mətbuat konfranslarına da nəzarət edəcəm. Konfransalarında da dünyanın ən nüfuzlu mətbuat orqanları iştirak edəcək. Bunu idarə etmək, onlara nəzarət ağır bir iş yüküdür”.

Funksioner artıq işinə start verdiyini deyib: “İşimdə ən çox məsuliyyətli olmağa və səliqəli yanaşmağa fikir verirəm. Bu Oyunlarla bağlı müəyyən təcrübən olsa, işləyə bilərsən. Mən isə burda yalnız işləmək yox, müəyyən təcrübə qazanmaq istəyirəm. Əməliyyat qrupu artıq bir araya gəlib. 2 gündür məlumatları almışıq. İndi çalışacağım idman növlərimin arenasına köçəcəyəm. Orda dizayn işləri, son tamamlanma işlərinə nəzarət edəcəm”.

Qeyd edək ki, Paris-2024 iyulun 26-da start götürəcək və avqustun 11-də yekunlaşacaq.

Emin Ağa
İdman.biz

Məqalədə: