Yaşar Nəcəfov: “Bu suala cavab tapa bilmirəm”

Xəbərlər
6 İyul 2024 15:42
671
Yaşar Nəcəfov: “Bu suala cavab tapa bilmirəm”

Azərbaycan millisinin cüdoçusu Yaşar Nəcəfov (66 kq) federasiyanın mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, o, bu idman növünə gəlməsi, yaşadığı çətinliklər və gələcək hədərlərindən danışıb.

- Cüdoya gəlişiniz necə alındı?

- 8-9 yaşım olardı. Həmin illərdə Elnur Məmmədli Olimpiya çempionu olmuşdu. İdmandan anlayışım yox idi. Uşaq idim, bilmirdim. O vaxt “Qara Qarayev”də qalırdıq. Orda köhnə “Lokomativ” zalı var idi. Ordan keçəndə zalı gördük və anam atama məni idmana qoymağı istədi. Ondan sonra qardaşımla cüdoya yazıldıq. Qardaşım oxumağa yönləndi, mən isə cüdoda qaldım.

- Uşaq vaxtı idmanla məşqul olarkən hansı çətinliklər yaşamısan?

- Kirayə qaldığımız vaxtlarımız olub. 7-8 il, bəlkə də çox. Həmin ərəfələrdə mən idman ilə məşqul idim. Ailəm mənə lazimi köməklikləri edirdi. Uşaq olduğum üçün çox şeyə ehtiyacım olmurdu. Sadəcə yeməyim, içməyim idi. Atam hamısını edirdi. Artıq “Binə”yə köçəndə orda yol çətinləşdi. Amma bu da mənə mane olmadı. Elə vaxtlar olurdu ki, evə gedib gəlmək olmurdu. Zalda yatırdım.

- Bəs cüdodan getməyi düşünmüsən?

- Hər bir idmançının karyerasında eniş, qalxış olur. Məndə də çox olub. İdmandan getmək də istəmişəm. Demişəm ki, “bu nədir alınmır, mən nə edim?”. Amma yenə də səbr etmişəm. Evdəkilər, şəxsi məşqçim də mənə dəstək olub. Onlar bu barədə hər zaman mənə inanıblar. Dizimdə, çiynimdə çox zədələr olub. Bədənimin 70 faizi zədələrdən ibarətdir. Ona baxmayaraq məqsədlərdən dönməmişəm.

- Cüdo olmasaydı nə ilə məşqul olardın?

- Bu sualı özün özümə dəfələrlə verirəm. İnanırsız mən bu suala cavab tapa bilmirəm. Yenə də həyatda bu şansım olsaydı idmanı seçərdim. Başqa heç nə bacarmıram.

- Olimpiya Oyunlarında medal qazansan kimə həsr edəcəksən?

- Mənim anam ən çox qələbəmi gözləyən insandır. Udanda da, uduzanda da o mənə dəstək olur. İdmanda qalmağımın ən böyük səbəblərindən biri də anamdır. Ən böyük arzularımdan biri Olimpiya Oyunlarının medalını qazanıb anama deyim ki, “sənin oğlun bunu etdi”.

İdman.biz