Turan Bayramov: "Avropa və dünya çempionatlarında yaxşı nəticə göstərəcəm"

Xəbərlər
16 Sentyabr 2024 11:20
1 168
Turan Bayramov: "Avropa və dünya çempionatlarında yaxşı nəticə göstərəcəm"

“Yarışa çox yaxşı hazırlaşmışdım”.

Bunu İdman.bizə Azərbaycan millisinin cüdoçusu Turan Bayramov (60 kq) deyib.

O, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridəki çıxışını dəyərləndirib. Bürünc medal mükafatçısı bildirib ki, əsas məqsədi qızıl qazanmaq olub: “Məqsədim qızıl medal qazanmaq idi, lakin qismət olmadı. Birinci görüşdə fransız idmançını vazzari xalı ilə uddum. İkinci qarşılaşmada avstriyalı idmnçıya tam üstünlüklə qalib gəldim. Üçüncü görüşdə isə yerli idmançımız Əhməd Yusifova (60 kq) məğlub oldum. Bürünc medal uğrunda görüşdə ukraynalı idmançı ilə qarşılaşdım. Bu cüdoçu mənə daha öncədən də tanış idi. Hətta bir dəfə güləşmişik. Onu da məğlub edib bürünc medalı qazandım”.

Bayramovun sözlərinə görə, qarşıdakı planları çoxdur: “Olimpiya Oyunlarına 4 il var. Bu zaman çərçivəsində bir çox yarışlar bizi gözləyir. Əlimdən gələni edəcəyəm ki, Avropa və dünya çempionatlarında yaxşı nəticə göstərim ki, sonradan peşmançılıq olmasın”.

Qeyd edək ki, Qran-pridə komandamızın üç mükafatı var. Əhməd Yusifov (60 kq) gümüş, Turan Bayramov (60 kq) və Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanıblar.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: