Dünya çempionatı: Cüdoçumuz bürünc medal qazanıb

Xəbərlər
4 Oktyabr 2024 15:14
1 684
Dünya çempionatı: Cüdoçumuz bürünc medal qazanıb

Düşənbədə (Tacikistan) gənclər arasında cüdo üzrə dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulub.

Onlardan Süleyman Şükürov çıxışını bürünc medalla başa vurub. Bu, millimizin mundialda ilk mükafatı olub.

81 kq
Süleyman Şükürov çıxışına ikinci mərhələdən başlayıb və Mixaylo Siminə (Serbiya) qalib gəlib. Daha sonra o, Senq-Min Kimi (Koreya) məğlub edərək 1/4 finala yüksəlib. Şükürov ardınca Coşua De Lanq (Niderland) ilə üz-üzə gəlib və məğlubiyyətə üzülüb. Cüdoçumuz bürünc medal uğrunda tacikistanlı Muhammad Yusufzoda ilə güləşib. Görüş həmyerlimizin inamlı qələbəsi ilə yekunlaşıb. Şükürov bununla da fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

90 kq
Aslan Kotsoyev yarışa Amir Çopan (İran) üzərində qələbə ilə başlayıb, daha sonra Şahzod Şaripov (Özbəkistan) və Markos Martinez Koini (İspaniya) məğlub edərək 1/4 finala çıxıb. Kotsoyev uğurlu seriyanın davamını gətirə bilməyib. O, 1/4 finalda Komei Kavabataya (Yaponiya), təsəlliverici görüşdə Anri Ovusuya (İtaliya) uduzub.

Tuncay Şamil ikinci mərhələdən mübarizəyə başlayıb və Yeqor Malkinə (IJF) məğlub olub.

Qeyd edək ki, dünya çempionatının ilk iki günündə Azərbaycan yığması medal qazanmayıb. Nizami İmranov (60 kq) və Aydan Vəliyeva (52 kq) bürünc uğrunda görüşlərdə məğlub olublar.

İdman.biz

Məqalədə: