Dünya çempionatı: Cüdoçularımızdan daha 2 MEDAL

Xəbərlər
5 Oktyabr 2024 17:02
2 885
Dünya çempionatı: Cüdoçularımızdan daha 2 MEDAL

Bu gün Düşənbədə (Tacikistan) cüdo üzrə gənclərin dünya çempionatında fərdi yarışlar başa çatıb.

İdman.biz xəbər verir ki, yarışın dördüncü günündə iki azərbaycanlı idmançı tatamiyə çıxıb.

Onların hər ikisi mundialı medalla bitirib.

100 kq
Əjdər Bağırov startda Cos Şell (Niderland) üzərində qələbə qazanıb, daha sonra Qaqa Qaqadze (Gürcüstan) və Mate Lakoşa (Macarıstan) qalib gələrək yarımfinala yüksəlib. O, bu mərhələdə Muhammedsodiq Sadıkova (Özbəkistan) məğlub olub və Alireza Niksereşt (İran) ilə bürünc medal uğrunda mübarizə aparıb. Qələbə qazanan cüdoçumuz fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

+100 kq
Kənan Nəsibov Tamaz Beqanaşvili (Gürcüstan), Recep Ergin (Türkiyə), Darius Dobre (Rumıniya) və Arsen Kadzaevi (IJF) məğlub edərək finala yüksəlib. Həlledici döyüşdə o, Denis Baçayevlə (IJF) qarşılaşıb. Nəsibov məğlub olduğundan dünya çempionatını gümüş medalla bitirib.

Beləliklə, millimiz mundialı 1 gümüş və 2 bürünc mükafatla bitirib. Cüdoçularımızdan daha öncə Süleyman Şükürov (81 kq) da fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

İdman.biz

Məqalədə: