Avropa Cüdo Birliyinin Tibb Komissiyasının Beynəlxalq Tibbi Seminarı 18-19 oktyabr tarixlərində Bakıda keçiriləcək.
İdman.biz xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası ilə birqə təşkil olunan seminarın məqsədi idman sahəsində çalışan tibbi heyət arasında təcrübə mübadiləsinin aparılması və ən son məlumatların əldə edilməsidir.
Seminarda müxtəlif ölkələrdən olan mütəxəssislər cüdoçuların tibbi dəstəklə təmin olunması sahəsindəki tədqiqat nəticələrini paylaşacaqlar. Bu sahədə olan yeniliklər, müxtəlif reabilitasiya üsulları və idman zədələrinin müalicəsi müzakirə olunacaq. Tədbir iştirakçılara idman sağlamlığı və tibbi dəstək sahəsindəki ən son qlobal trendlər haqqında məlumat əldə etmək üçün unikal bir imkan təqdim edəcək.
“Beynəlxalq Tibbi Seminarın Azərbaycanda keçirilməsi ölkəmizdə cüdo idmanının inkişafına və daha da genişlənməsinə müsbət təsir göstərəcək. Milli komandanın həkimi olaraq, inanıram ki, bu seminar yerli cəmiyyətimizdə tibbi biliklərin artırılmasına töhfə verəcək.
Dünyanın müxtəlif ölkələrindən gələn mütəxəssislərin cüdo idmançılarına tibbi dəstək sahəsindəki biliklərini və tədqiqatlarını paylaşması, idmançılarımıza yüksək səviyyəli xidmət göstərmək bacarığımızı daha da gücləndirəcək.",- cüdo üzrə mili yığma komandaların baş həkimi Ramil Vəliyev bildirib.
İdman.biz