Əbu-Dabiyə parlaq dönüşlər

Xəbərlər
14 Oktyabr 2024 14:50
254
Əbu-Dabiyə parlaq dönüşlər

Olimpiyaçılar yeni tsiklə qayıdırlar. Bu, Azərbaycan komandasının bir qızıl, gümüş və iki bürünc medal qazandığı Əbu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinin leytmotivi olub. Olimpiya oyunlarının bəzi iştirakçıları və yeni mövsümdə mükafat hesablarını açan bir nömrələr BƏƏ-də yarışıblar.

İdman.biz xəbər verir ki, Parisdə özünü göstərə bilməyən bəzi idmançılar son dünya çempionatının paytaxtında mübarizə aparıblar.
Onlardan biri də Əbu-Dabidə maksimum nəticə göstərməyi bacaran Zelim Tskayevdir (81 kq). Üstəlik, onun əsas rəqibləri gürcülər olub: Zelim yarımfinalda Dimitri Qoçalaidzeni, finalda isə Zaur Dvalaşvilini məğlub edib. Tskayevin qələbəsini şərh edən Beynəlxalq Cüdo Federasiyası (IJF) belə başlıq verib: “O, geri döndü!”

Həqiqətən adıçəkilən cüdoçunun nəticələrinə nəzər salsanız, onun üçün sıçrayış keçən ilin sonu - bu ilin əvvəli olub: Zelim Bakıda iki "Böyük dəbilqə" yarışını qazanıb, eyni zamanda Tokioda keçirilən analoji turnirdə ilk üçlüyə daxil olub. Sonra bir qədər kölgədə qalıb, dünya və Avropa çempionatlarında, eləcə də Olimpiadada uğursuz çıxış edib, lakin indi yenidən fəxri kürsüyə yüksəlib.

Üçüncü Olimpiadasında 7-ci olan Uşanqi Kokauri (+100 kq) da finalda çıxış edib. Parisdən sonra ağır çəkili idmançının karyerasını davam etdirib-etməyəcəyi sual doğururdu və "Böyük Dəbilqə"dəki nəticə, demək olar ki, buna birmənalı cavab verdi. O, yarımfinalda inadkar niderlandlı Yelle Snippeyə qalib gəlib, həlledici görüşdə isə Valeri Yendovitskiyə (IJF) uduzub. Kokauri üçün bu, artıq karyerasında "Böyük Dəbilqə"də 7-ci dəfə fəxri kürsüyə çıxmaq və Tbilisidən sonra il ərzində ikinci finaldır.

Olimpiadaya vəsiqə uğrunda Elcan Hacıyevlə mübarizə aparan Murad Fətiyev (90 kq) yeni mövsümə bürünc mükafatla başlayıb. Onun rəqibləri də kifayət qədər diqqətçəkici idmançılar olub: həmçinin, bürünc qazanan braziliyalı Covanni Ferreyradan Yesper Sminkayadək. Murad yarımfinalda Niderland təmsilçisinə uduzsa da, macar Peter Şafraniyə qarşı kiçik final şansından istifadə edib.

Amma Açelya Toprakın (57 kq) bürünc medalı bir çox cəhətdən əhəmiyyətli idi. Axı bu, cüdoçu üçün Azərbaycan təmsilçisi kimi ilk medaldır. O, keçən ilin sonunda Tokioda "Böyük Dəbilqə" yarışlarında debüt edib və o vaxtdan "Dünya turu" fəxri kürsüsündə yer alana qədər 9 yarışda mübarizə aparıb. Üçüncü yer uğrunda görüşdə Toprak kosovalı Floka Lokhiyə qalib gələrək 500 reytinq xalı toplayıb. Yeni Olimpiya dövrü üçün yaxşı başlanğıcdır!
Ümumi hesabda Azərbaycan komandası beşinci yeri tutub, qələbə uğrunda isə Niderland ilə Fransa arasında gərgin mübarizə gedib. Qazanılan qızıl (2) və gümüş (3) sayı eyni olsa da, niderlandlılar bürünc medalların sayına görə (müvafiq olaraq, üç və iki) rəqiblərini qabaqlayıblar. Yeri gəlmişkən, Əbu-Dabidə yalnız beş ölkə qızıl qazana bildiyi üçün komandamızın çıxışı kifayət qədər inamlı görünür.

Onu da qeyd edək ki, mövsümün baş qəhrəmanı Hidayət Heydərov da Əbu-Dabidə olub. Olimpiya, dünya və Avropa çempionu hətta özünü fotoreportyor kimi də sınayıb və gərgin mövsümü “həzm etdikdən” sonra mütləq tatamiyə qayıdacağını qeyd edib.

"Böyük dəbilqə" yarışı başa çatdıqdan bir gün sonra Beynəlxalq Cüdo Federasiyasının 2026-cı ildə dünya çempionatının Bakıda keçiriləcəyini elan etməsində rəmzi nəsə var. İki il olduqca tez keçəcək, lakin görüş yeri, 2018-ci il mundialında olduğu kimi, dəyişməz olaraq qalır - Milli Gimnastika Arenası.

Zəki Feyzullayev
İdman.biz

Məqalədə: