Azərbaycanlı məşqçi Yaponiyada beynəlxalq seminara qatılıb

Xəbərlər
22 Oktyabr 2024 20:07
47
Azərbaycanlı məşqçi Yaponiyada beynəlxalq seminara qatılıb

Azərbaycan Cüdo Federasiyasının təşəbbüsü ilə məşqçi Asiman Allahverdiyev Yaponiyada keçirilən beynəlxalq cüdo məşqçiliyi seminarında iştirak edir.

İdman.biz xəbər verir ki, 1 ay davam edəcək bu seminar oktyabrın 3-dən noyabrın 4-nə qədər Kodokan institutunda və Tokai Universitetində baş tutur.

Təlim proqramı həm nəzəri, həm də praktiki biliklərin mənimsənilməsinə yönəlib və iştirakçılara cüdo təlim metodlarını, eləcə də Yapon cüdo ənənələrini öyrənmək imkanı yaradır. Seminarda məşhur cüdo ustaları – Kodokan 8-ci dan sahibi Kenşi Mitsumoto, Olimpiya çempionu və Yaponiyanın keçmiş baş məşqçisi Kosei İnoue, həmçinin Kodokan institutunun “Nage no Kata” üzrə professoru Mikihiro Mukai təlim keçir. Asiman Allahverdiyev Yaponiyanın qadınlardan və kişilərdən ibarət əsas yığma komandasının məşqlərində iştirak edərək, Yapon cüdoçularının hazırlıq prosesini yaxından izləyir.

Seminarın yekununda iştirakçılar sertifikatla təltif olunacaq. Allahverdiyev Yaponiyada qazandığı bilikləri Azərbaycanda tətbiq edərək, ölkəmizdə cüdonun inkişafına və yeni nəsil cüdoçuların yetişdirilməsinə töhfə verəcəkdir.

İdman.biz