12-ci dəfə dünya çempionu olan azərbaycanlı: "Böyük bir zirvəni fəth etdim"

Xəbərlər
6 Noyabr 2024 13:57
195
12-ci dəfə dünya çempionu olan azərbaycanlı: "Böyük bir zirvəni fəth etdim"

Çox şadam ki, böyük bir zirvəni fəth etdim.

İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli ABŞ-nin Las-Veqas şəhərində keçirilən dünya çempionatının qalibi olması ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

65 yaşlı cüdoçu insanların gözləntilərini doğrultmağa çalışdığını bildirib:

“12-ci dəfə dünya çempionu oldum. 4 görüş keçirdim. Finalda üz-üzə gəldiyim rəqiblə müqayisədə digərləri mənim üçün yeni idi. Buna baxmayaraq, bütün görüşlərdə qələbə qazandım. Qələbələrim çox effektli idi. Görüşlərin üçündə ippon, birində əks fəndlə qələbə qazandım. Azarkeşləri, tələbələrimi, yaxınlarımı elə öyrəşdirmişəm ki, neçə illərdir məndən ancaq qələbə gözləyirlər. Çalışıram ki, insanların gözləntilərini doğruldum. Bu dəfə məndə alındı”.

M8 kateqoriyasında zirvəni fəth edən F.Rəcəbli xüsusi mükafata layiq görüldüyünü də söyləyib:

“Bakıdan ABŞ-yə uçmaq 26 saatımızı aldı. Onun 18 saatını havada olduq. Bunun özü ağırdır. Həm də 12 saatlıq fərq var. Yarışdan bir gün öncəki gecəni heç yata bilməmişdim. Qalib gələndə sanki zirvələri aşırsan. Çox şadam ki, böyük bir zirvəni fəth etdim. Beynəlxalq Cüdo Federasiyası məni və daha iki nəfəri mükafatlandırdı. 10 dəfədən artıq dünya çempionu olan cüdoçulara xüsusi mükafat verirlər. Yarışın ikinci günündə gənc cüdoçumuz Mərdan Qədirli də çempion oldu. Çox gözəl cüdo nümayiş etdirdi. İlk dəfədir bu yarışlara qoşulurdu. Ümumiyyətlə, bu yarış çox populyardır. Gənclər də qoşulur, yaşlılar da. Populyarlıq ildən-ilə artır. Ancaq inkişaf baxımından bir qədər geri qalırıq”.

Qeyd edək ki, Las-Veqasda təşkil olunan yarışda F.Rəcəbli (90 kq) 12-ci dəfə veteran cüdoçular arasında dünya çempionu adını qazanıb. O, həmçinin 10 dəfə Avropa çempionu olub.

İdman.biz

Məqalədə: