Rəşad Rəsullu: "Hidayətlə Zelim millidə lider olduqlarını sübut etməlidir" - MÜSAHİBƏ

Müsahibə
30 Noyabr 2024 11:38
111
Rəşad Rəsullu: "Hidayətlə Zelim millidə lider olduqlarını sübut etməlidir" - MÜSAHİBƏ

Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti və baş katibi Rəşad Rəsullunun Prosport.az saytına müsahibəsi

– Ölkə çempionatı cüdoçularımız üçün nə deməkdir?
– Azərbaycan çempionatı olimpiya tsikli dövründə ilk yarışımızdır. Hər şey 0-dan başlayır. Hər bir idmançının Azərbaycan çempionu olmaq şansı var. Özünüz də gördüyünüz kimi, 60 kq çəki dərəcəsinin yarımfinalında Hüseyn Allahyarov favorit göstərilən Balabəy Ağayevə qalib gəldi. 66 kq-da Ruslan Paşayevin Elşən Əsədova uduzması sürpriz oldu. Nazir Talıbov 1/4 final və təsəlliverici yarışda uduzdu. Növbəti günlərdə də sürpiz nəticələr qeydə alına bilər. Milli komandanın performans direktoru Riçard Trautman hamısını tribunadan izləyir. Yəni, hər bir idmançının milli komandaya düşməsi üçün bu çempionat yaxşı şansdır. Ümid edirəm ki, idmançılar da bu yarışın mahiyyətini başa düşür və bunu ən yüksək səviyyədə dəyərləndirəcək.

– Çempionat 3 günə sığışdırılıb. Ola bilər ki, növbəti illərdə günlərin sayı çoxaldılsın?
– Biz bu yarışı kompakt etməyə çalışırıq. Ara günləri iş günü olduğundan, tamaşaçı sayına təsir edir. Ancaq həftəsonları gördüyünüz kimi, tamaşaçı baxımından problemimiz yoxdur. Əslində fərdi yarışı 3 gün edib, komanda yarışını keçirməmək və ya tamam başqa tarixdə keçirmək olardı. Biz bu məsələni müzakirə edəcəyik. Özümüzü tərifləmək kimi olmasın, yarışı ən azı Qran-pri və ya "Böyük Dəbilqə" səviyyəsində təşkil etməyə çalışmışıq.

– Əslində beynəlxalq standartlarda komanda yarışları miks, yəni kişi və qadın komandalardan təşkil olunur. Ancaq sizdə kişi komandaları yarışacaq...
– Bəli, bu bizdə ən əsas problemlərdən biridir. Çünki yuxarı çəki dərəcəsində – 57, 70 və +70 kq-da qadınlarda idmançı sayı azdır. Ehtimal kimi desəm, gənclər və U-23 Avropa çempionu olan Fidan Əlizadə çəki dərəcəsini 63 kq-a dəyişsə, bu o deməkdir ki, 70 kq-da bizi Olimpiadada təmsil edə bilər. Ən ağır çəkidə problemi isə məşqçilərlə birgə müzakirə edib, həll etməyə çalışacağıq.

– Olimpiya çempionlarımızın çəki dəyişməsi gündəmdədir?
- Xeyr, belə şey gündəmdə deyil. Bildiyim qədəri ilə, hər ikisi öz çəki dərəcəsində davam etməyi planlaşdırır.

- Uşanqi Kokaurinin Olimpiadadan sonra karyerasını bitirəcəyi deyilirdi. Ancaq Azərbaycan çempionatında yarışacaq...
- Uşanqi davam etmək niyyətindədir. Biz heç kimi karyerasını bitirməyə məcbur edə bilmərik. Düzdür, hamı deyir ki, o gedib uduzur. Ancaq Olimpiadada 7-ci oldu. Hazırda kimsə Uşanqidən güclüdürsə, buyursun. Nə vaxt ki, ondan güclü kimsə olacaqsa, əminəm ki, Kokauri özü getməyə qərar verəcək. Hazırda ondan güclü idmançı yoxdur. Məsələn, bu yarışda siz Elmar Qasımovun tatamiyə 100 kq çəki dərəcəsində qayıtdığını görəcəksiniz. Təxminən 2 il əvvəl karyerasını bitirmişdi. İndi qərar verdi ki, tatamiyə qayıtsın. Əsas məsələ odur ki, onlar tatamidə güclü olduqlarını sübut etsin. Hətta Hidayət Heydərovla Zelim Kotsoyev belə, 0-dan başlayacaq. Onlar yenidən milli komandada lider olduqlarını sübut etməlidir. Bizim üçün əsas məsələlərdən biri də qaydalarla bağlıdır. Dekabrın ortasında İstanbulda texniki seminar olacaq və orada yeni qaydalar elan ediləcək. Orada da bizdən vitse-prezident Elnur Məmmədli və performans direktoru Riçard Trautmanın rəhbərliyi altında böyük nümayəndə heyəti iştirak edəcək. Orada ayaqdan tutmanı qaytarmaq kimi çox radikal dəyişikliklər gözlənilir. Ona görə də yeni qaydalara adaptasiya baxımından daha böyük işlər gözləyir.

İdman.biz