EJU: “Hidayət Heydərovun dünyanı fəth etdiyi il”

Xəbərlər
24 Dekabr 2024 20:01
47
EJU: “Hidayət Heydərovun dünyanı fəth etdiyi il”

“2024-cü il Hidayət Heydərovun ili olub”.

İdman.biz xəbər verir ki, bu barədə Avropa Cüdo İttifaqının (EJU) azərbaycanlı cüdoçuya “Heydərovun dünyanı fəth etdiyi il” başlığı ilə həsr etdiyi məqalədə qeyd olunub.

EJU Hidayətin əla çıxışını vurğulayıb: “O, mövsümə Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanmaqla başladı və cəmi bir ay sonra Abu Dabidə dünya çempionu oldu. Heydərovun əsas məqsədi Olimpiya çempionu titulunu qazanmaq idi. Bəziləri onun bəlkə də çox erkən zirvəyə çatdığını və şöhrətə gedən yolu davam etdirmək üçün mübarizə aparacağını düşünürdü. Lakin Hidayət məşhur Eyfel qülləsi fonunda Parisin tam ürəyində olimpiya kürsüsündə zirvəyə qalxaraq istedadına şübhə edənlərin yanıldığını sübut etdi”.

Məqalədə deyilir ki, Azərbaycan cüdoçusu çətin yol keçib: “O, gənc yaşında erkən uğuru ilə diqqəti cəlb edib. Amma Heydərov böyüklərdə yarışmağa başlayanda komanda yoldaşı, Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov onu geridə qoyub. Hidayət Tokio Oyunlarına başqa çəkidə vəsiqə qazanmağa çalışsa da, alınmayıb. Pandemiya ilə üst-üstə düşən bu çətin dövrdən sonra o, 73 kq çəki dərəcəsinə qayıdıb.

Bu dəfə həmin kateqoriyada 2008-ci ilin Olimpiya çempionu Elnur Məmmədli də ona dəstək olub və indi gördüyümüz çempion formalaşıb. Nəticədə Heydərov bacardığı hər şeyə nail olub və üç ay ərzində het-trikə imza atıb - bəlkə belə hadisəni bir daha heç vaxt görməyəcəyik”.

İdman.biz