Cüdoda yeni beynəlxalq mövsümün maraqlı və hadisələrlə zəngin keçəcəyi gözlənilir. Bunun bir neçə səbəbi var: Paris olimpiadasının qəhrəmanlarının tatamiyə qayıtması, qaydalardakı dəyişikliklərə uyğunlaşma və təbii ki, yeni adların meydana çıxması.
İdman.biz xəbər verir ki, təqvimdə ənənəvi olaraq hər zövqə uyğun yarışlar yer alıb. 2025-ci ildə on "Böyük Dəbilqə" turniri, üç Qran Pri və bir dünya çempionatı keçiriləcək. Üstəlik ilk yarışlarda fəallığın yüksək olacağı gözlənilir, çünki cüdoçular müəyyən dərəcədə sıfırdan yeni qaydalar əsasında mübarizə aparmalı olacaqlar. Dəyişikliklərin xüsusiyyətləri arasında "yuko" xalının qaytarılması və kəmərin altından tutmanın mümkünlüyü də var. İdmançılar yeni qaydaları ilk dəfə fevralın 1-2-də Parisdə mövsümü açacaq "Böyük Dəbilqə" yarışında sınayacaqlar. İki həftə sonra isə Dünya turu Bakıya təşrif buyuracaq. “Böyük Dəbilqə” turniri ölkəmizdə, ötən il olduğu kimi, fevralda keçiriləcək: ayın 14-16-da.
Yeri gəlmişkən, qışın son ayında üçüncü "Böyük Dəbilqə" yarışı start götürəcək: həmin turnir fevralın 28-dən martın 2-dək Daşkənddə keçiriləcək. Belə təqvim həm də onunla əlaqədardır ki, Budapeştdə keçiriləcək dünya çempionatına qədər (13-19 iyun) cüdoçular yeni qaydalara uyğunlaşsınlar. Dünya çempionatından sonra qaydalar növbəti olimpiya dövrü nəzərə alınmaqla yenidən müzakirə olunacaq.
Buna görə də mövsümün əsas startına qədər Tbilisi, Düşənbə və Astanada olmaqla daha üç "Böyük Dəbilqə" turniri, həmçinin Avstriyada Qran Pri yarışı keçiriləcək. Ola bilsin ki, mundialdan əvvəl cüdoçular Antalyada da “Böyük Dəbilqə” uğrunda mübarizə aparsınlar - bu yarışın tarixi hələ müəyyənləşməyib.
Dünya çempionatından sonra təqvimdə nisbi sakitlik olacaq.
Daha sonra Ulan-Batorda "Böyük Dəbilqə" yarışı (25-27 iyul) keçiriləcək, payızda isə bütün diqqətlər Abu Dabiyə yönələcək. Ötənilki dünya çempionatının paytaxtı növbəti dəfə "Böyük Dəbilqə" turnirinə ev sahibliyi edəcək (17-19 oktyabr).
Təqvimdə sonra Zaqreb Qran Prisi (14-16 noyabr) və tarixi hələ təyin edilməmiş Portuqaliya Qran Prisi var. Nəhayət, "Böyük Dəbilqə" mövsümü Tokioda (6-7 dekabr) başa çatacaq.
Aşağıda 2025-ci il üçün təsdiqlənmiş yarışların siyahısını təqdim edirik:
1-2 fevral. Parisdə (Fransa) "Böyük Dəbilqə"
14-16 fevral. Bakıda "Böyük Dəbilqə"
28 fevral - 2 mart. Daşkənddə (Özbəkistan) "Böyük Dəbilqə"
7-9 mart. Linz Qran Prisi (Avstriya)
21-23 mart. Tbilisidə (Gürcüstan) "Böyük Dəbilqə"
2-4 may. Düşənbədə (Tacikistan) "Böyük Dəbilqə "
9-11 may. Astanada (Qazaxıstan) "Böyük Dəbilqə"
13-19 iyun. Budapeştdə (Macarıstan) dünya çempionatı
25-27 iyul. Ulan-Batorda (Monqolustan) Qran Pri
17-19 oktyabr. Abu Dabidə (BƏƏ) "Böyük Dəbilqə"
14-16 noyabr. Zaqrebdə (Xorvatiya) Qran Pri
6-7 dekabr. Tokioda (Yaponiya) "Böyük Dəbilqə"
Zəki Feyzullayev
İdman.biz