Niderlandın nüfuzlu "Judoinside" cüdo portalı “Böyük rəqabətlər” adlı yazılar seriyasına başlayıb.
İdman.biz xəbər verir ki, ilk məqalə ötən il Olimpiya, dünya və Avropa çempionu olan azərbaycanlı Hidayət Heydərovla 2017-ci ilin dünya çempionu və Paris-2024 Yay Olimpiadasının bürünc mükafatçısı yaponiyalı Soiçi Haşimoto arasındakı rəqabətə həsr olunub.
“Dövrümüzün ən böyük rəqabətlərindən biri Haşimoto ilə Heydərov arasında olub. Onlar ilk dəfə 2017-ci ildə Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində qarşılaşıblar. Orada yaponiyalı rəqibinə sode-tsurikomi-qoşi fəndini tətbiq edib.
Haşimoto Heydərovla növbəti üç görüşdə də eyni fənddən istifadə edib: 2017-ci ildə Budapeştdə dünya çempionatında, həmin il Sankt-Peterburqda "Masters" yarışında və 2018-ci ildə Bakıda dünya çempionatında.
Lakin 2019-cu ildə Parisdə keçirilən "Böyük Dəbilqə" yarışında yenidən qarşılaşanda yaponiyalının həmin fəndi uğurlu olmayıb. Amma Haşimoto sağ tay-otoşi, sonra isə sol osoto-qarini işə salıb.
Yaponiyalı 2021-ci ildə Budapeştdəki dünya çempionatında isə rəqibini sağ osoto-qari ilə məğlub edib.
Bundan sonra 2023-cü ildə Dohada keçirilən mundialda Haşimoto Heydərova qarşı sol tay-otoşi, sonra isə sağ tay-otoşi fəndi tətbiq edib”, - portal qeyd edir.
Məqalədə bildirilib ki, sonra rəqabət tarixində dönüş nöqtəsi olub: “Ardıcıl yeddi məğlubiyyətdən sonra Hidayət, nəhayət, 2023-cü ilin dekabrında Tokioda "Böyük Dəbilqə" yarışında yaponiyalını məğlub edə bilib. Azərbaycanlı cüdoçu kifayət qədər qeyri-ənənəvi sumi-qaeşi fəndi ilə qalib gəlib.
Haşimoto 2024-cü ildə Abu-Dabidə keçirilən dünya çempionatında iştirak etməyib. Paris Yay Olimpiadasında isə onlar qarşılaşmayıblar, çünki yaponiyalı 1/4 finalda fransalı Joan-Benjamin Qabaya uduzub”.
İdman.biz