Dünya cüdosunda yeni mövsüm Parisdə start götürüb.
İdman.biz xəbər verir ki, bu gün Fransanın paytaxtında qeyri-rəsmi olaraq kiçik dünya çempionatı adlandırılan "Böyük Dəbilqə" turniri başlayıb.
Paris-2024 olimpiadasının bəzi iştirakçıları da eyni məkanda ilin ilk yarışında medallar uğrunda mübarizə aparacaqlar.
Azərbaycan millisi üçün Paris səfəri daha çox sınaq xarakteri daşıyır. Çünki komanda uzun yola hazırlaşır və mövsümün əvvəlində bir çox cüdoçu hələ ən yaxşı formasından uzaqdır. Bundan başqa, cüdoçular iki həftə sonra ölkəmizdə keçiriləcək "Böyük Dəbilqə" yarışını da unutmurlar.
Hər halda heyətdə həm təcrübəli idmançıların, həm də beynəlxalq arenanın debütantlarının olmasını nəzərə alsaq, Fransada xoş sürprizlər gözləmək mümkündür. Məsələn, elit yarışlarda təcrübə qazanmış "Böyük Dəbilqə" mükafatçıları Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəblinin (81 kq) çıxışı maraqla gözlənilir. Amma ötən il U-23 Avropa çempionatının qalibi və ölkə çempionu olan Hüseyn Allahyarov (60 kq) Parisdə uğursuz debüt edib.
Hazırkı heyətdən Paris olimpiadasında iştirak etmiş yeganə idmançı Uşanqi Kokauridir (+100 kq). O, Fransadakı "Böyük Dəbilqə" yarışlarında iki dəfə fəxri kürsüyə qalxaraq gümüş və bürünc medallar qazanıb. Yeri gəlmişkən, ötən il bu turnirdə komandamız Zelim Tskayev (81 kq) və Elcan Hacıyevin (90 kq) sayəsində hesabına iki gümüş medal yazdırmışdı. Sonuncu zədədən sonra bərpa dövrü keçir, Zelimi isə Bakıda keçiriləcək "Böyük Dəbilqə"də görmək olacaq.
Şübhəsiz, Parisdə yarışın əsas favoritləri ənənəvi olaraq evdə güclü çıxış edən yerli cüdoçular hesab olunur. 35 idmançının qatılacağı 73 kq ən populyar çəki dərəcəsidir. Belçikalı Mattias Kasse (81 kq) isə iştirakçılar arasında ən yüksək reytinqə malikdir.
Qeyd edək ki, Parisdə 50 ölkədən ümumilikdə 298 cüdoçu qələbə uğrunda mübarizə aparacaq.
Zəki Feyzullayev
İdman.biz