Nazim Hüseynov onlardan “Böyük Dəbilqə”də partlayış gözləyir

Xəbərlər
13 Fevral 2025 10:13
124
Nazim Hüseynov onlardan “Böyük Dəbilqə”də partlayış gözləyir

“60 kq-dan 81 kq-a kimi cüdoçularımız yaxşı nəticə göstərə bilərlər”.

Bunu İdman.biz-ə cüdo üzrə Olimpiya çempionu Nazim Hüseynov deyib.

O, Bakıda keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirindən gözləntilərini açıqlayıb. Hüseynovun sözlərinə görə, idmançılarımız turnirə tam hazırdır: “Liderlər - Hidayət Heydərov (73 kq), Zelim Kotsoyev (100 kq), Elcan Hacıyev, Vüqar Talıbov və Murad Fətiyev (hər üçü 90 kq) bu yarışda iştirak etmirlər. Ancaq yarışa qatılacaq idmançılarımıza ümidlərim böyükdür”.

Hüseynov ağır çəkilərdə müəyyən problemlərin ola biləcəyini istisna etməyib: “60 kq-da çıxış edən Balabəy Ağayev, Turan Bayramov və Əhməd Yusifovdan medal gözləyirəm. İnanıram ki, onlar bizi sevindirəcəklər. 81 kq-da Zelim Tskayev və Ömər Rəcəbli də partlayış edə bilərlər. 73 kq-da çıxış edən Rəşad Məmmədəliyev də zəif deyil. Ağır çəkilərdə isə bizə bir qədər çətin olacaq. Uşanqi Kokauri və Kənan Nəsibov hələ tam hazır deyillər. Qadınların yarışını yaxından izləmədiyim üçün bu haqda heç nə deyə bilmərəm”.

Qeyd edək ki, fevralın 14-16-da keçiriləcək turnirdə 38 ölkədən cüdoçular iştirak edəcək. Azərbaycan yarışda 33 idmançı ilə mübarizə aparacaq.

Aytac Sahəd
İdman.biz