"Böyük Dəbilqə": Əhməd Yusifov və Elşən Əsədov bürünc medal qazanıb - FOTO

Xəbərlər
14 Fevral 2025 18:52
426
"Böyük Dəbilqə": Əhməd Yusifov və Elşən Əsədov bürünc medal qazanıb - FOTO

Bu gün Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start verilib.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə 5 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.

Azərbaycan millisi bu çəki dərəcələrinin 4-də 12 cüdoçu ilə təmsil olunub. İlk gündə yığmamız aktivinə iki bürünc medal yazdırıb.

Böyük Dəbilqə
Kişilər
60 kq

Balabəy Ağayev 1/8 finalda Mendsaihan Nyamsurenlə (Monqolustan) qarşılaşıb. Qələbə qazanan cüdoçumuz ikinci görüşündə ukraynalı Dilşot Xalmatovla münasibətinə aydınlıq gətirib və məğlubiyyətə üzülüb. Ağayev təsəlliverici görüşdə Maksimilian Heyderə (Almaniya) qalib gəldiyindən bürünc medal uğrunda güləşib. Komanda yoldaşını mübarizədən kənarlaşdıran Yorre Verstraeten (Belçika) Balabəydən də güclü olub. Nəticədə cüdoçumuz yarışı 5-ci yerdə bitirib.

Əhməd Yusifov startda Anvarjon İbrahimovu (Özbəkistan) məğlub etsə də, 1/4 finalda Taiki Nakamuraya (Yaponiya) uduzub. Məğlubiyyətə baxmayaraq, cüdoçumuz bürünc medal şansını davam etdirib. Təsəlliverici görüşdə Emiel Yarinqdən (Niderland) üstün olan Yusifov üçüncü yer uğrunda görüşdə Ağayevə qalib gələn ukraynalı Dilşot Xalmatovu sınağa çəkib. Yusifov qələbə sayəsində həm millimizə bürünc medalı qazandırıb, həm də komanda yoldaşının revanşını alıb. Bu, komandamızın "Böyük Dəbilqə"də ilk mükafatı olub.

Murad Muradlı Tergelsar Munxjarqala (Monqolustan) qalib gəlsə də, ardınca Yorre Verstraetenə (Belçika) uduzub.

66 kq

Elşən Əsədov yarışa Zamoxşari Bekmurodov (Özbəkistan) üzərində qələbə ilə başlayıb. O, ardınca Straniya Bunçiçi (Serbiya) və David Qarsiyanı (İspaniya) məğlub edərək yarınfinala yüksəlib. Əsədov uğurlu seriyanı davam etdirə bilməyib. Təmsilçimiz finala gedən yolda Takeşi Takeokaya (Yaponiya) uduzub. O, bürünc medal uğrunda Azizbek Ortikovla (Özbəkistan) güləşib. Qələbə qazanan cüdoçumuz bürüncə sahib olub.

Ruslan Paşayev ilk görüşdə Azizbek Ortikova (Özbəkistan) məğlub olub.

Yaşar Nəcəfov 1/8 finalda İvan Çernıxla (IJF) bacarmayıb.

Rəşad Yelkiyev startda Cüzeppe De Tulionu (İtaliya) mübarizədən kənarlaşdırıb. O, 1/8 finalda Rüfət Ələsgərovla (İJF) gücünü yoxlayıb və rəqib güclü olub.

Qadınlar

48 kq
Leyla Əliyeva ilk görüşündə Culia Qiqlione (İtaliya) ilə bacarmayıb.

Könül Əliyeva Andrea Stoyadinova (Serbiya) uduzub.

Şəfəq Həmidova 1/16 finalda Jaklin Şpringerə (Avstriya) məğlub olub.

57 kq
Fidan Əlizadə "Böyük Dəbilqə"yə Yevgeniya Qayiç (Sloveniya) üzərində qələbə ilə başlayıb. O, 1/4 finalda Marisa Perişiçə (Serbiya), təsəlliverici görüşdə isə Seija Ballhausa (Almaniya) uduzub.

Fidan Qasımova startda Veronika Tonioloya (İtaliya) məğlub olub.

Qeyd edək ki, yarışda 36 ölkədən 258 cüdoçu mübarizə aparır. Azərbaycan “Böyük Dəbilqə”yə 32 idmançı ilə qatılıb.

İdman.biz

Məqalədə: