Bakıda cüdo üzrə “Böyük Dəbilqə” turnirinin üçüncü - sonuncu günündə Azərbaycanın doqquz cüdoçusu tatamiyə çıxıb.
İdman.biz xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışa ümumilikdə 36 ölkədən 258 idmançı qatılıb.
Bu gün yarışan cüdoçularımızın nəticələri:
90 kq
Tuncay Şamil ilk mərhələdə Didar Xamzaya (Qazaxıstan), Əli Qazıməmmədov isə Fabian Kansiyə (Almaniya) məğlub olublar.
100 kq
Davud Namazlı ilk mərhələdə Niyaz Bilalova (IJF) uduzub.
Rəqibi Karamnob Saqaipovun (Livan) tatamiyə çıxmaması üzündən mübarizəsiz növbəti mərhələyə çıxan Əjdər Bağırov isə Dota Araiyə (Yaponiya) məğlub olsa da, bürünc mükafat uğrunda yarışıb. Bu yolda Rustam Şoraxmatovu (Özbəkistan) mübarizədən kənarlaşdıran Bağırov sonra Niyaz Bilalova (IJF) uduzaraq medalsız qalıb.
+100 kq
Camal Feyziyev Yerassil Kajıbayevə (Qazaxıstan), Ramazan Əhmədov isə İbrahim Tataroğluya (Türkiyə) məğlub olublar.
Digər iki cüdoçumuz isə ilk mərhələdə qələbə qazanıb. Uşanqi Kokauri Movli Borçaşviliyə (Avstriya), Kənan Nəsibov isə Yevgeni Balyevskiyə (Ukrayna) qalib gəlib. 1/4 finalda Kokauri Saba Geoinaneişviliyə (Gürcüstan), Nəsibov isə Hyoqa Otaya (Yaponiya) uduzublar. Nəticədə cüdoçularımız bürünc medal uğrunda yarışda bir-birilərinə rəqib olublar. Bu mübarizədən qalib ayrılan Nəsibov sonra Kanta Nakanoya (Yaponiya) uduzaraq mükafatçı olmaq şansını qaçırıb.
+78 kq
Nigar Süleymanova ilk mərhələdə Kristina Homana (Ukrayna) məğlub olub.
Beləliklə, cüdoçularımız 2025-ci ilin "Böyük Dəbilqə" turnirində 5 mükafat qazanıblar. Zelim Tçkayev (81 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Elşən Əsədov (66 kq) və Vüsal Qələndərzadə (73 kq) bürünc medala sahib çıxıblar.
İdman.biz