Tbilisidə cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.
İdman.biz xəbər verir ki, yarışın ikinci günü Azərbaycanın 5 idmançısı mübarizəyə qoşulub.
Onların heç biri mükafatçılar sırasına yüksələ bilməyib.
73 kq
Mübarizəyə ikinci mərhələdən başlayan Rüfət Şövlətov Alberto Qaytero (İspaniya) ilə güləşib və mərhələ adlayıb. Lakin o, ardınca Laşa Şavdutaşviliyə (Gürcüstan) uduzub.
Qədir Hüseynov startda Viktor Sterpunu (Moldova) məğlub edib. 1/16 finalda Mahamadşarif Nacmidinovla (Tacikistan) qarşılaşmalı olsa da, rəqib yarışdan çəkilib. Hüseynov 1/8 finalda Daniel Şeqedi (Macarıstan) ilə üz-üzə gəlib və rəqib mərhələ adlayıb.
81 kq
Məhərrəm İmamverdiyev ilk qarşılaşmasında Yaniv Aqronova (İsrail) uduzub.
70 kq
Südabə Ağayeva startda Ciola Vetterliyə (İsveçrə) məğlub olub.
Günel Həsənli də yarışla erkən vidalaşıb. O, Kaya Şusterə (Sloveniya) uduzub.
Qeyd edək ki, komandamız ilk gündə medal qazanmayıb. Yarışa sabah yekun vurulacaq.
İdman.biz