Səid Mollayi özünə yeni iş tapıb

Xəbərlər
25 Mart 2025 15:21
102
Səid Mollayi özünə yeni iş tapıb

Cüdo üzrə Azərbaycan millisində karyerasını başa vuran Səid Mollayi yeni işə başlayıb.

İdman.biz xəbər verir ki, 2018-ci il dünya çempionu və 2020-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısı hazırda paralimpiyaçılar arasında Dünya kubokunun keçirildiyi Tbilisidədir.

Mollayi Beynəlxalq Gözdən Əlillər İdman Federasiyası (IBSA) və Beynəlxalq Cüdo Federasiyasının (IJF) birgə işçi komitəsinə yeni qoşulub.

O, IJF saytına müsahibəsində yeni məqsədləri, ambisiyaları və beynəlxalq cüdo ailəsinə vermək istədiyi və verə biləcəkləri barədə danışıb: "Burada IJF əməkdaşı kimi cüdo ailəmlə və həmçinin IBSA ilə birlikdəyəm. Burada olmaqdan çox məmnunam. Ümumiyyətlə isə, Almaniyada yaşayıram və cüdoda çalışıram. Cüdo mənim həyatımdır. İşləməkdən, xüsusilə gənclərlə çalışmaqdan zövq alıram. Onlara bildiklərimi öyrətmək xoşuma gəlir və onlar da öyrənmək istəyirlər. Gənclərlə işləmək mənə rahatdır, cüdoda çalışdığıma görə də xoşbəxtəm".

Mollayi paralel olaraq IJF Akademiyasına da baş çəkir: “Hər gün işləyirəm və praktiki dərslərə başlamazdan əvvəl hər həftə imtahanım olur. Çox maraqlıdır və mən çox şey öyrənirəm. Çox xoşuma gəlir".

O, əlavə edib ki, paralimpiya sahəsində də işləmək təcrübəsi var: "Paracüdo ilə əlaqəm uzun illərdir. Vaxtilə Almaniyanın IBSA komandası ilə çalışmışam, lakin bu daimi iş deyildi. Yalnız kömək etmək üçün orada idim. Tbilisi - IBSA/IJF birgə işçi komitəsinin yeni üzvü kimi ilk rəsmi tədbirimdir. Paracüdonu növbəti səviyyəyə necə çıxara biləcəyimizi görmək üçün IBSA ilə çalışmağı səbirsizliklə gözləyirəm.
Ümumiyyətlə, söhbət cüdodan gedir və ən vacibi də budur. IJF və IBSA arasında çoxlu oxşarlıqlar var. Bəzi fərqlər də var, lakin bizdə cüdo kimi ortaq dil var və mənim IBSA ailəsinə gətirmək istədiyim də budur. Hazırda öyrənmək, kəşf etmək, anlamaq üçün buradayam. Bu ilk addımdır. İnanıram ki, bildiklərimi və bu idman növündəki həyatımda yaşadıqlarımı aşılaya biləcəyəm”.

Mollayi yeni işində özünü çox xoş hiss etdiyini də vurğulayıb: "Bu, cüdonun sehridir: eyni dildə danışırıq. İnanıram ki, növbəti illərdə biz paracüdonu daha yüksək səviyyəyə qaldıra biləcəyik.
İndi təcrübə qazansam, təşkilatlarımız arasında körpü yaratmaq üçün əlimdən gələni edəcəyəm. Gürcüstanda olanları gördüm, paralimpiya və dünya medalçıları çox idi. Belə yüksək səviyyəni görmək çox xoşdur. Son illər paracüdonun keyfiyyəti artıq xeyli yaxşılaşıb. İnkişafa davam etmək lazımdır və mən də buna öz töhfəmi verməkdən məmnun olaram. Həmçinin demək istəyirəm ki, bu illər ərzində mənə dəstək olan cüdo ailəsinə həmişə minnətdar olacağam”.

İdman.biz

Məqalədə: