İlin əvvəlindən Azərbaycan cüdoçuları beynəlxalq arenada 27 mükafat qazanıblar.
İdman.biz xəbər verir ki, böyüklər, gənclər, kadetlər və veteranların yarışlarında bütün nəticələri qeydə alan "Judobase" portalının məlumatına əsasən, idmançılarımız mövsümün ilk üç ayında 5 qızıl, 6 gümüş və 16 bürünc medal qazanıblar.
"Böyük Dəbilqə" turnirlərində iki çempionluq var. Ruslan Paşayev (66 kq) Parisdə qalib gəlib, Zelim Tçkayev (81 kq) isə ardıcıl üçüncü dəfə Bakıda titul qazanıb.
Gənc yaş qruplarında mübarizə aparan cüdoçulardan da üçü çempionluq sevinci yaşayıb. Xorvatiyanın Poreç şəhərində kadetlər arasında keçirilən Avropa kubokunda Aysun Məmmədova (52 kq), Slovakiyanın Şamorin şəhərində təşkil edilən analoji turnirdə isə Məhəmmədəli Hüsiyev (55 kq) və Zeid Ələsgərov (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Azərbaycan hazırda ümumi medal sıralamasında 21-ci yerdə qərarlaşıb.
Hesabında 39 qızıl, 19 gümüş və 41 bürünc medal olan Fransa liderdir. Gürcüstan (38-36-28) ikincidir, ilk üçlüyü isə gözlənilmədən Əlcəzair (37-34-67) tamamlayır.
Hər halda, mövsüm yeni başlayıb və ilin əsas yarışları hələ qarşıdadır. Bu həftəsonu isə Xorvatiyanın Dubrovnik şəhərində Avropa kuboku keçiriləcək.
İdman.biz