Avropa tatamisində 56 medal - TARİXƏ BAXIŞ

Xəbərlər
14 Aprel 2025 15:45
167
Avropa tatamisində 56 medal - TARİXƏ BAXIŞ

Cüdo üzrə Avropa çempionatının başlamasına 10 gündən az vaxt qalır. Yarış Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək.

Müstəqillik qazandığımız 1991-ci ildən sonra ölkəmizin cüdoçuları AÇ-də iştirak etməyə başlayıblar. İlk medalımız və çempionluğumuz isə 1992-ci ilə təsadüf edir. Həmin ilin mayında Parisdə keçirilən yarışda MDB komandasının heyətində Nazim Hüseynov qızıl medala yiyələnib. Məlumunuz olduğu kimi cüdo əfsanəmiz 3 ay sonra Barselona Olimpiadasında da fəxri kürsünün zirvəsinə yüksəlib.

Medal statistikamız:
16 qızıl
16 gümüş
24 bürünc
Toplam - 56 medal

* Nazim Hüseynovun 1992-ci ildə MDB komandasının heyətində əldə etdiyi qızıl medal bu statistikaya əlavə edilib.

** Bürünc medallardan biri 2016-cı ildə Kazanda keçirilən çempionatında kişilərin komanda yarışında əldə olunub. Həmin komandanın heyətində Vüqar Şirinli, Rüstəm Orucov, Rüstəm Alimli, Məhəmmədəli Mehdiyev, Elxan Məmmədov, Uşanqi Kokauri, Tərlan Kərimov, Fəqan Quluzadə və Şahin Qəhrəmanlı (son 3 cüdoçu komanda yarışlarında tatamiyə çıxmasa da, heyətdə olub) yer alıb.

*** 2015 və 2019-cu illərdə Bakı ilə Minskdə keçirilən Avropa Oyunları Avropa çempionatı statusu daşıyıb.

Ümumiyyətlə, indiyədək 9 cüdoçumuz Avropa çempionu titulunu əldə edib. Onlardan Nazim Hüseynov (2 qat), Elçin İsmayılov (3 qat), Elnur Məmmədli (2 qat) və Hidayət Heydərov (4 qat) iki və daha çox AÇ-də qızıl medalı boynundan asıb.

1. Hidayət Heydərov - 2017, 2022, 2023, 2024
2. Elçin İsmayılov - 2000, 2001, 2005
3. Nazim Hüseynov - 1992, 1993
4. Elnur Məmmədli - 2006, 2011
5. Rüstəm Orucov - 2016
6. Elxan Məmmədov - 2017
7. Orxan Səfərov - 2020
8. Zelim Kotsoyev - 2023
9. Elcan Hacıyev - 2024

Elçin İsmayılov (60 kq, 66 kq) və Elnur Məmmədli (73 kq, 81 kq) çempionluqlara 2 fərqli çəki dərəcəsində yiyələnib.

Qızıl medalların çəkilər üzrə statistikası: 73 kq digərlərini qabaqlayır
73 kq - 6 qızıl
60 kq - 4 qızıl
66 kq - 2 qızıl
100 kq - 2 qızıl
81 kq - 1 qızıl
90 kq - 1 qızıl

İndiyədək qitə birinciliklərinin fərdi yarışlarında 20 cüdoçumuz medal sevinci yaşayıb. Medalların sayına və əyarına görə Hidayət Heydərov bütün həmkarlarını qabaqlayır. 13 cüdoçumuz AÇ-lərdə iki və daha çox medalın sahibi olub.

1. Hidayət Heydərov - 6 medal (4 qızıl, 1 gümüş - 2018, 1 bürünc - 2019)
2. Elçin İsmayılov - 5 medal (3 qızıl, 2 gümüş - 2002, 2004)
3. Rüstəm Orucov - 5 medal (1qızıl, 1 gümüş - 2019; 3 bürünc- 2017, 2020, 2022)
4. Orxan Səfərov - 4 medal (1 qızıl, 2 gümüş - 2015, 2016; 1 bürünc - 2017)
5. Elxan Məmmədov - 4 medal (1 qızıl, 1 gümüş - 2018, 2 bürünc - 2009, 2010)
6. Zelim Kotsoyev - 4 medal (1 qızıl, 3 bürünc - 2018, 2020, 2021)
7. Nazim Hüseynov - 3 medal (2 qızıl, 1 gümüş - 1994)
8. Rəsul Səlimov - 3 medal (1 gümüş- 2001, 2 bürünc - 1999, 2000)
9. Kifayət Qasımova - 3 medal ( 1 gümüş- 2006, 2 bürünc - 2007, 2008)
10. Elmar Qasımov - 3 medal (1 gümüş - 2014, 2 bürünc - 2012, 2019)
11. Məmmədəli Mehdiyev - 3 medal (3 bürünc - 2019, 2020, 2022)
12. Elnur Məmmədli - 2 medal (2 qızıl)
13. İrina Kindzerskaya - 2 medal (1 gümüş- 2020, 1 bürünc - 2019)
14. Elcan Hacıyev - 1 medal (1 qızıl)
15. Tərlan Poladov - 1 medal (1 gümüş - 1993)
16. Mehman Əzizov - 1 medal (1 gümüş - 1998)
17. Tərlan Kərimov - 1 medal (1 gümüş - 2011)
18. Balabəy Ağayev - 1 medal (1 gümüş - 2024)
19. İlqar Müşkiyev - 1 medal (1 bürünc - 2014)
20. Kəramət Hüseynov - 1 medal (1 bürünc - 2021)
• Kişilərdən ibarət milli komanda - 1 medal (1 bürünc - 2016)

Ümumilikdə, qazanılan medalların cinslər üzrə bölgüsündə kişilərin qadınlardan kəskin üstünlüyü var. Qazanılan 56 medalın cəmi 5-i qadınların, 51-i isə kişilərin aktivindədir. Cəmi 2 qadın cüdoçumuz - Kifayət Qasımova (3 medal) və İrina Kindzerskaya (2 medal) qitə yarışında fərqlənməyi bacarıb. Onların əldə etdiyi medalların əyarı isə belədir: 2 gümüş və 3 bürünc. Milli komandamızın heyətində qızıl medalları təkcə kişi cüdoçular əldə edib. Onların medal bölgüsü belədir: 16 qızıl, 14 gümüş və 21 bürünc.

Medalların sayı baxımında milli komandamız 2017- ci ildə Varşavada (2 qızıl, 3 bürünc), 2019-cu ildə Minskdə (1 gümüş, 4 bürünc) və 2020-ci ildə Praqada (1 qızıl, 1 gümüş və 3 bürünc) ən yaxşı nəticələri göstərib. Əyar baxımından isə Zaqrebdə keçirilən son AÇ fərqlənib - 2 qızıl və 1 gümüş medal.

Elmar Rza
İdman.biz

Məqalədə: