EJU: "Heydərov beşinci Avropa çempionluğuna doğru"

Xəbərlər
17 Aprel 2025 10:10
226
EJU: "Heydərov beşinci Avropa çempionluğuna doğru"

“Hidayət Heydərov ardıcıl üç ildir Avropada fəxri kürsünün ən yüksək pilləsindədir və indi o, beşinci titulunu qazanmağa çalışacaq”.

İdman.biz xəbər verir ki, bunu aprelin 23-də Monteneqronun paytaxtı Podqoritsada start götürəcək qitə çempionatı ərəfəsində Avropa Cüdo İttifaqının (EJU) portalı yazıb.

Portal 73 kq çəki dərəcəsində qüvvələr balansını dəyərləndirərək Azərbaycan cüdoçusunu xüsusi qeyd edib: "Hidayət 3 ay ərzində bütün arzuladığı titulları qazanaraq, Avropa və dünya çempionatlarında, həmçinin Olimpiadada birinci olub. Heydərov uzun müddət komanda yoldaşı, Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucovun kölgəsində qalsa da, Olimpiya çempionu Elnur Məmmədlinin rəhbərliyi altında arzularını reallaşdırdı. Bu həm də o deməkdir ki, gözlənti həmişə qızıl olacaq və o, artıq beşinci Avropa tituluna doğru gedir. Dünya reytinqinin lideri ardıcıl üç il fəxri kürsünün zirvəsindədir... Olimpiya çempionu bunu dördə çatdıra biləcəkmi?”

İdman.biz