Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov Avropa çempionatının heyətindən kənarda qalmasına münasibət bildirib.
İdman.biz xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Heydərov yarışa qatılmadığı üçün məyus olduğunu gizlətməyib: “Dəyərli cüdosevərlər, bu gün Monteneqroda start götürən Avropa çempionatında xəstəlik səbəbindən iştirak edə bilməyəcəyəm. Sizinlə yenidən görüşmək fürsətini qaçırdığım üçün təəssüflənirəm. Tezliklə tam sağalıb tatamiyə daha güclü qayıdacağım anı səbirsizliklə gözləyirəm. Dəstəyinizə görə hər birinizə təşəkkür edirəm”.
Qeyd edək ki, Hidayət xəstələndiyi üçün Avropa çempionatında mübarizə aparacaq Azərbaycan milli komandasının heyətindən çıxarılıb. Onu Rəşid Məmmədəliyev (73 kq) əvəzləyib.
Aytac Sahəd
İdman.biz